Şrift:
Gilan klubundan Azərbaycana ərazi iddiası / “Ərdəbilin Heyran gədiyi” kampaniyasına qoşulanların sayır artır
14.04.2018 [11:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi”inin Gilan Əyalətinə ilhaq edilməsi ilə bağlı cəhdlər və azərbaycanlıların bu plana qarşı etirazları davam edir.



Son məlumata görə, Gilanın Damaş idman klubu irqçi mövqe sərgiləyərək Gilan Əyalətində türklərin mövcudluğunu inkar edən və Güney Azərbaycana qarşı ərazi iddiası irəli sürən banner nümayiş etdirilib.



Banner, Damaş klubu çərşənbə günü Gəçsaranın “Neft və Qaz” Komandasını öz meydançasında qəbul edərkən oyun başlamadan əvvəl nümayiş etdirilib. Bannerin üzərində “Heyran torpağından Gilan iyisi gəlir - Gilək və talış bunun üçün can verir” şüarı yazılıb. Bannerin aşağı hissəsində isə onun Damaş klubu tərəfindən yazıldığı qeyd olunub.


Rəşt məsulları hökumətin yanında yer alaraq Ərdəbil Əyaləti və nəticə etibarı ilə Güney Azərbaycana qarşı ərazi iddiası irəli sürür və yaydıqları bannerlər və açıqlamalarla Gilanda yalnız gilək və talışların yaşadığına eyham vururlar. Halbu ki, elə Gilan məsullarının etirafına əsasən, əyalət əhalisinin ən azı 30 faizini Azərbaycan türkləri təşkil edir. Onlar hətta Gilan Əyalətinin şimal bölgəsində mütləq əksəriyyətdilər.



Bu arada azərbaycanlıların “Heyran gədiyi” ilə bağlı Gilan rəhbərliyinə etirazları səngimək bilmir. Etirazlar sosial şəbəkələrdə də getdikcə genişlənir.



Son məlumata görə, “Ərdəbilin Heyran gədiyi” (“”) İmzatoplama Kampaniyasına 10 saatdan az bir müddətdə 16 min nəfərdən çox sosial şəbəkə istifadəçisi qoşulub. Kampaniyanın ərdəbilli soydaşlarımız tərəfindən keçirildiyi bildirilir.



Kampaniyaya qoşulanlar azərbaycanlı məsullar, xüsusi ilə də Ərdəbilin millət vəkillərini “Heyran gədiyi”ni müdafiə etməyə, onunla bağlı baş verən hadisələri araşdırmağa çağırırlar. Kampaniyada toplanan imzalar Əli Xamneyinin Ərdəbil Əyalətindəki nümayəndəsinə də göndəriləcək.


Xatırladaq ki, Novruz bayramı günlərində “Heyran gədiyi” məntəqəsində turistlərə xidmət göstərmək bəhanəsi ilə təxminən 15 lövhə quraşdırılıb. Gilan rəhbərliyi tərəfindən quraşdırılan lövhələrdə “Heyran gədiyi” Gilan Əyalətinin inzibati ərazisi kimi göstərilib.

Ərdəbil Əyalətinə edilən ərazi iddiası azərbaycanlı gənclərin kəskin etirazı ilə qarşılanıb, qısa müddətdə lövhələrin üzərindəki yazılar gənclər tərəfindən silinərək oxunulmaz hala salınıb, onların bir neçəsi isə aşağı endirilib.



“Heyran gədiyi” ilə bağlı irəli sürülən əsassız iddialardan sonra bir çox soydaşımız, o cümlədən Astara əhalisi vaxtı ilə Ərdəbil bölgəsi və Şərqi Azərbaycan Əyalətində yerləşən Astara məntəqəsinin yenidən Ərdəbilə birləşdirilməsini tələb edir. Gilan rəhbərliyi isə tələblər sərtləşdikcə təhlükəsizlik qüvvələrini azərbaycanlılara qarşı tədbir görməyə çağırır.
Bu xəbər oxucular tərəfindən 777 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed