Şrift:
Tarixi Muzeyində Cümhuriyyət xadimlərinin fotoşəkilləri qorunur
02.06.2018 [10:23] - Mədəniyyət
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin, mühacirlərin XX əsrin birinci yarısına aid fotoşəkilləri mühafizə olunur. Həmin fotoşəkilləri muzeyə Türkiyənin Anadolu Universitetinin professoru Zaur Məhərrəm hədiyyə edib.

Təsvirlərin əksəriyyətində qürbətdə ömür sürən siyasi mühacirlər əks olunub. Onların arasında "Müsavat" partiyasının təsisçiləri və fəalları, Cümhuriyyət xadimləri Məhəmməd Əmin Rəsulzadə, Abbasqulu Kazımzadə, Mirzəbala Məmmədzadə, Xosrov bəy Sultanov, Ceyhun bəy Hacıbəyli və başqalarının Polşa, Almaniya, Fransada çəkilmiş fotoşəkilləri var.

Görkəmli ictimai xadim, ədib Əli bəy Hüseynzadənin fotoşəkli XX əsrin əvvəllərində Bakıda çəkilib. AXC parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun Krımın tanınmış ictimai xadimi, "Tərcüman" qəzetinin təsisçisi və redaktoru İsmayıl bəy Qaspralı ilə Orenburqda çəkilmiş fotoşəkli də həmin dövrə aiddir. Məşhur sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Əli bəy Hüseynzadəyə xatirə olaraq verdiyi, şəxsən imza qoyduğu fotoşəkli 1910-cu ildə Bakıda çəkilib. Bu fotoşəkillər Cümhuriyyət və mühacirət dövrünün tarixini araşdıran tədqiqatçılar üçün böyük əhəmiyyət daşıyır.
Bu xəbər oxucular tərəfindən 671 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed