Şrift:
Ermənistan İlham Əliyevlə Qarabağdan danışacaq təmsilçini tapdı – Paşinyan…
23.07.2018 [11:10] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Paşinyanın Azərbaycan Prezidenti ilə görüşmək istəyinin məqsədi onun müharibənin baş tutmasından ehtiyat etməsidir”
Hikmət Babaoğlu: “Artıq Paşinyan mövcud reallığın nə olduğunu və Azərbaycanın gücünü dərk edir”

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğu barədə bəyanat verib. Paşinyan bu haqda mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti ilə danışıqlara hazırdır: “Danışıqlar üçün material var. Etimad mühiti olmalıdır və bunsuz münaqişəni həll etmək mümkün deyil”.
Maraqlıdır, Paşinyanın Prezident İlham Əliyevlə görüşmək istəyinin səbəbi nə ilə bağlıdır? Qeyd edək ki, Paşinyan artıq məlum istəyini açıq şəkildə büruzə edir.
Millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistan tərəfi artıq Dağlıq Qarabağla bağlı danışıqlarda maraqlıdır: “Məlumdur ki, Azərbaycan tərəfi bəyanat verib ki, danışıqlar baş tutmasa, hərbi yola əl atacaq. Nikol Paşinyan Dağlıq Qarabağ mövzusu ilə bağlı Azərbaycan Prezidenti ilə görüşmək istəyir.
Biz düşmən ölkəyik. Ermənistanla nə kommunikasiya, nə də ticari əlaqələrimiz var. Ərazilərimiz Ermənistan işğalçıları tərəfindən işğal olunub. Yalnız işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində danışıqlar baş tuta bilər. Onu da deyim ki, Azərbaycan Prezidentinin Paşinyanın məlum bəyanatına hansı cavab verəcəyi hələ məlum deyil. Ümumiyyətlə, danışığın baş tutub-tutmayacağı sual altındadır”.
Millət vəkili hesab edir ki, Paşinyanın Azərbaycan Prezidenti ilə görüşmək istəyinin məqsədi onun müharibənin baş tutmasından ehtiyat etməsidir: “Dağlıq Qarabağ probleminin həll olunmasında Ermənistan tərəfinin nə hərbi gücü, nə də iradəsi var. Bu səbəbdən də onlar danışıqlar yolunu daha münasib görürlər. Zənnimcə, konstruktiv danışıq ola bilər. Paşinyanla uzun-uzadı danışığın mənası yoxdur”.
F.Quliyev onu da qeyd etdi ki, Paşinyanın Prezident İ.Əliyevlə görüşmək istəməsi haqqında bəyanat verməsi Azərbaycanın güclü dövlət olmasının göstəricisidir.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qəzetimizə açıqlamasında qeyd etdi ki, N.Paşinyan son günlər bir-birinə zidd olan açıqlamalar verir: “Paşinyanın məlum açıqlamasından görünür ki, o, təlaş içərisindədir. Artıq Paşinyan mövcud reallığın nə olduğunu və Azərbaycanın gücünü dərk edir. Bu səbəbdən də o, tələm-tələsik Azərbaycanla danışıqlara hazır olduğunu bəyan edir və qeyd edir ki, bunun üçün material var.
2018-ci ilin aprel ayında Ermənistanda baş verən hadisələrdən sonra Azərbaycan hakimiyyəti və diplomatiyası bu olaya soyuqqanlı yanaşdı. Bir neçə gün öncə Brüsseldə təşkil olunmuş görüşlərdə Azərbaycanın ərazi bütövlüyü və suverinliyi xüsusi olaraq qeyd olundu. Daha sonra Avropa İttifaqının təhlükəsizlik və xarici məsələlər üzrə nümayəndəsi də bir daha Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünü və suverenliyini qeyd edib. Azərbaycan Ordusunun son günlər həyata keçirdiyi təlimlər fonunda Paşinyanın açıqlamasını nəzərdən keçirsək, aydın olur ki, işğalçı ölkədə panika var. Hər kəs, o cümlədən, Paşinyan dərk etməlidir ki, Azərbaycanın gücü, beynəlxalq nüfuzu qarşısında Ermənistanın şansı yoxdur. Və Azərbaycanın torpaqlarını işğal altında saxlamaq düzgün deyil”.
Həmsöhbətimizin sözlərinə görə, Paşinyan regionda gücümüzün hansı səviyyədə olduğunu bildiyi üçün məlum bəyanatı səsləndirib. Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək.
Günel CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 555 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed