Şrift:
Əli Kərimlinin daha bir planının üstü açıldı
08.07.2012 [16:36] - Özəl xəbər, Fərəc Quliyev
O, seçkiərəfəsi rəqibini sıradan çıxarmaq istəyir

AXCP sədri indi də keçmiş döyüşçülərdən sui-istifadə edir


Hər şey Naxçıvanın Xalq Cəbhəsinin xüsusi işlər üzrə müavini Sahib Hüseynovun mətbuata (teref.az və digər saytlara) göndərdiyi məktubun mətninin dərc edilməsindən sonra başladı. Elçibəyə xəyanət edildiyini iddia edən Sahib Hüseynov "Bu xainlərdən biri bəlkə də ən əsası Fərəc Quliyevdir" - deyə ittihamlarla çıxış edib: "1993-cü ildə Gəncə hadisələri zamanı 300 nəfər döyüşçü ilə Bakıya gəldim və Nəvai postunda DİN, Daxili qoşunlar, Milli ordunun əsgərləri ilə birlikdə müdafiə mövqeyi tutdum. Nəvai postu Bakının açarı idi.

Sürət Hüseynovun dəstələrinin gəldiyini eşidəndən bir qədər sonra bir də gördük ki, bizimlə olan qüvvələrdən heç kim qalmayıb. Elə bil bir sehirli əl bizimlə olan hökumət qüvvələrini buradan yığışdırdı". Ona pul təklif edildiyini deyən keçmiş müavin "Ağ ayı" ləqəbli Fəxrəddin Qurbanov, "Borman" ləqəbli İntiqam adlı şəxslə birlikdə AXC İcra Aparatının sədri Fərəc Quliyevin yanına çağırıldığını iddia edib: "Onların yanında Fərəc Quliyev mənə dedi ki, Əbülfəz Elçibəy əmr edir ki təcili surətdə Nəvai postundan geri çəkil". Yazısında digər məsələlərə toxunan Sahib Hüseynov son istəyini də açıqlayıb: "Bütün bunları yazmaqda məqsədim hamıya bidirmək istəyimdir - qoy bilsinlər ki, Fərəc Quliyevin bu gün əldə etdiklərinin hamısı Elçıbəyi satdığının əvəzidir.

Həbsxanada çox adamlarla görüşdüm, bu hadisələrin bir çox iştirakçıları ilə söhbətlər etdim və bu qənaətə gəldim ki, rəhmətlik Elçibəy xəyanətin qurbanı oldu. Üzdə dost, özlərini Elçibəy komandası adlandıran bəzi adamlar altdan ona qarşı işləyirdilər. Əgər Surət Hüseynov günahkar idisə, onu Bakıya çağırıb həbs etməyə nə var idi. Axı ona Milli Qəhrəman statusunu bəy vermişdi, onu korpus komandiri bəy etmişdi, prezidentin səlahiyyətli nümayəndəsi, baş nazirin müavini bütün bunları ona AXC hakimiyyəti vermişdi. "Gündəlik Bakı"nın "Araşdırma" rubrikası çərçivəsində bu məsələlərə aydınlıq gətirmək üçün məktubda adıçəkilən "Ağ ayı" ləqəbli Fəxrəddin Qurbanovla əlaqə saxladıq. Naxçıvan Könüllüləri Batalyonunun komandirlərindən biri, yazıda adıçəkilən Fəxrəddin Qurbanovla söhbətimizdə bir sıra maraqlı faktlar aşkar etdik. O, Sahib Hüseynovun 4 iyun Gəncə qiyamı ilə bağlı ilk öncə bunları dedi: "Sahib Hüseynov Gəncə qiyamı zamani döyüşlərdə olmayıb, ora getməyib, heç Nəvaidə də olmayıb. Naxçıvandan təyyarə ilə biz qalxmışıq, Xalq Cəbhəsində Fərəc Quliyevlə görüşmüşük. Nəvaidə rəhmətlik Şahmərdanın əsgərləri olub. Bununla yanaşı, orada Ordubad və Naxçıvandan da əsgərlər olub. Sahib Hüseynov Nəvaidə Surət Hüseynovun qiyamçı qüvvələri ilə döyüşdə olmayıb". "Əbülfəz Elçibəyin Sahib Hüseynovdan Nəvai döyüşündə nə üçün iştirak etməməsini soruşduqda Sahib bunu nə üçün müxtəlif bəhanələrlə fərqli yozdu?" sualına cavabında Fəxrəddin Qurbanov "mən orda olmamışam, amma Sahib adımı yazıb" cavabını verdi: "Çox səhv edib yazıb. Mənim, "Borman"ın, bir də yoldaşlarımızdan birinin adını yazıb. Bu, doğru deyil, yalandır. Biz heç vaxt üçümüz bir yerdə Əbülfəz bəyin yanında olmamışıq". "Sahib Hüseynov nə üçün Nəvaidə qiyamçı qüvvələrlə döyüşdən imtina etdi?" sualına cavab verən Fəxrəddin Qurbanov bunun səbəblərini bilməsə də, ona qərargahda qalmaq tapşırığı verildiyini dilə gətirdi: "Qərargahda qalıb bura gəlib-gedənləri yoxlayırdım. Sahib bu arada yoxa çıxdı, harasa, kimlərləsə görüşə getdi. Amma onun kimlərlə görüşdüyünü bilmədim". Fəxrəddin Qurbanov qeyd etdi ki, bu arada Ağdərə istiqamətində döyüşlərdə iştirak ediblər: "Ağdərə istiqamətindəki döyüşlərdə biz olmuşuq. 100-ə yaxın döyüşçü ilə oradakı əməliyyatlarda iştirak etdik. Amma Sahib Hüseynov orda da olmayıb". "Ağ ayı" ləqəbli keçmiş döyüşçü qeyd edib ki, Kəlbəcərin işgalı ərəfəsində Fərəc Quliyev Kəlbəcərdə idi və Naxçıvandan döyüşçüləri oraya köməyə çağırmışdı, amma nədənsə döyüşçülər Kəlbəcərə yox, Göy-gölə aparıldı. 100-ə yaxın döyüşçü Naxçıvandan təyyarə ilə qalxaraq, Fəhmin Hacıyevlə görüşərək, hazırlıqdan sonra oradan da Yevlaxa üz tutublar: "Buradan da Kəlbəcərin köməyinə getməli idik. Orda isə bizi aldatdılar. Gördük ki, Kəlbəcər artıq işğal olunub. Təklif olundu ki, kəndlərdən birinə enək. Amma komandir imtina etdi, görmürsünüz camaat çıxıb, rayon işğal olunub? Bizi Hacıkəndə apardılar və orada bir sıra şəxslərlə görüşdük. Bir sözlə, bizim Kəlbəcərə köməyimizin qarşısı alındı.

Yoldaşlarının ittihamlarına görə, Əbülfəz Elçibəy Kələkiyə getdikdən sonra Sahib Hüseynov nədənsə Ordubada sığınıb və əvvəlcə Cənnəb kəndindən, sonra isə Elçibəyin göstərişi ilə Kələkidən qovulub. Həbsxana yoldaşlarının sözlərinə görə, "Kəblə Musa" döyüşçüləri hərəkətlərinə görə Sahibi cəzalandırmaq istəyirmiş: "Fərəc Quliyev onun cəzalandırılmasının qarşısını aldı, imkan vermədi ki, Sahibi cəzalandırsınlar. Fərəc Quliyevin səhvi Sahibin belə məqamlarda müdafiəsidir".

Qeyd edək ki, araşdırmalarımızı davam etdirərək hazırda Rusiyada yaşayan Şıxov batalyonunun komandiri, Surət qiyamına qarşı döyüşlərin rəhbəri Mehrac Babayevlə də əlaqə saxladıq. O da Sahib Hüseynovun söylədikləri ilə razılaşmadığını və Sahibin Nəvai döyüşündən imtina etdiyini bu döyüşdə ümumiyyətlə, olmadıgını bildirdi. Araşdırmalarımızı davam etdirib, bu arada yeni məlumatlar əldə etdik. Məlum oldu ki, iyirmi il əvvəlki hadisələrin qovluğunu qurdalayıb, oradan yeni-yeni ittihamlar çıxarmaqda maraqlı olan qüvvələr fəaliyyətə keçiblər. Bu qüvvələrin başında isə AXCP sədri Əli Kərimli dayanır. "Yurd" sədrinə yaxın persona 8-ci mikrorayondakı əyləncə-istirahət məkanlarından birində bununla bağlı xüsusi görüşlər keçirib. Məqsəd parlament seçkilərində Əli Kərimli ilə 31 saylı Suraxanı seçki dariəsində üz-üzə gəlmiş Fərəc Quliyevi 2013-cü ilin prezident seçkisinə qədər sıradan çıxarmaq, onun tərəfdarlarının sayını azaltmaqdır. "Gündəlik Bakı"nı məlumatlandıran mənbənin sözlərinə görə, AXCP sədri bəzi keçmiş döyüşçülərdən yararlanmağa başlayıb. Bununla da Əli Kərimlinin növbəti planının üstü açıldı. Araşdırmalarımızı davam etdirəcəyik, bizi izləyin.

Cəmil Elturan
Bu xəbər oxucular tərəfindən 2339 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed