Şrift:
İran rejimi Güney Azərbaycan əyalətinin başçılarını ermənilərin ayağına aparır
11.07.2012 [11:22] - Güney Azərbaycan xəbərləri
İslam Respublikası az qala bilərəkdən Güney Azərbaycan əyalətlərinin başçılarını müsəlman torpaqlarını, Azərbaycan ərazisini işğal etmiş Ermənistana göndərir.

«Armenia today»-in məlumatına görə, Şərqi Azərbaycan əyalətinin icra başçısı Əhməd Əlirza Beygi İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Ermənistana səfər edib. Səfərdən öncə Beygi «İRNA»-ya müsahibəsində bildirib ki, Yerevana səfərin əsas məqsədi İslam Respublikası ilə Ermənistan arasındakı sərhədyanı ərazidə ticarət obyektlərinin açılması ilə bağlı müzakirələr aparmaqdır.
İcra başçısının sözlərinə görə, İslam Respublikası nümayəndə heyətinin Ermənistana ikigünlük səfəri çərçivəsində ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsi yönündə də danışıqlar aparılacaq.
Qeyd edək ki, ötən gün İran nümayəndə heyəti Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb. Erməni lideri görüş zamanı bildirib ki, iki ölkə rəsmilərinin belə qarşılıqlı səfərləri İslam Respublikası ilə Ermənistan arasında işgüzar əməkdaşlığın dərinləşməsi və qərarlılığının göstəricisidir. S.Sərkisyanın sözlərinə görə, İran prezidenti M.Əhmədinejadın Ermənistana səfəri zamanı bir sıra sahələr üzrə razılıq əldə edilib.
İslam Respublikasının rəsmi təmsilçiləri Ermənistan parlamentinin sədri Ovik Abramyanla da görüşüblər. Bütün görüş və müzakirələrdə iqtisadi-ticari sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
İslam Respublikasının nümayəndə heyəti Ermənistanın bir sıra hökumət üzvləri və işgüzar çevrənin təmsilçiləri ilə də danışıqlar aparıb.
Bu xəbər oxucular tərəfindən 1071 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed