Şrift:
Tehran metrosunda baş örtüyünü açaraq yanındakı axunda etiraz bildirən qadın sərnişinlər tərəfindən dəstəklənib.
15.09.2018 [10:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehran metrosunda baş örtüyünü açaraq qarşısındakı axunda etiraz bildirən gənc bir qadın digər sərnişinlər tərəfindən dəstəklənib.

İrandakı hüquq müdafiəçilərinin sosial şəbəkələrdə yaydığı bir video-çarxda, metro dayanacaqlarından birində əyləşib qatarın gəlişini gözləyən gənc bir qadın, yanında oturan bir axunddan və qara çarşablı “Hizbullah”çı bir qadından çəkinmədən baş örtüyünü açıb. Lakin o, dərhal axundun və qara çarşablı qadının etirazı ilə qarşılanıb. Onlar həmin xanıma yaxınlaşaraq, ona hədə-qorxu gəldikdən sonra, ondan hicabına riayət etməsini tələb ediblər.

Lakin baş örtüyünü açmış qadın üzünü axunda tutaraq onu və ölkəni bərbad günə qoyan digər ruhaniləri kəskin tənqid edib. O bildirib ki, istədiyi kimi geyinmək onun təbii haqqıdır və heç kəs necə geyinib-geyinməməyi ona diktə edə bilməz.

Baş örtüyünü açmış qadının axunda müqavimət göstərərək ona kəskin etiraz bildirməsi, hadisənin şahidi olan digər sərnişinlər tərəfindən dəstəklənib. Adı açıqlanmayan həmin xanımın sonrakı taleyi, onun həbs edilib-edilmədiyi barədə hər hansı bir məlumat yayılmayıb.

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına cari ilin əvvəllərində (deyin 6-da) start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb və vətəndaşlar tərəfindən dəstəklənib. Həmin qadın, baş örtüyünü açdığına görə iki dəfə həbs edilsə də, sonradan şərti azadlığa buraxılıb.

Qeyd edək ki, son aylar İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçə və meydanlarda baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildirirlər.

İran İslam Respublikasında ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, 10 gündən iki aya qədər həbsə və pul cəriməsinə məhkum edilirlər.
Bu xəbər oxucular tərəfindən 435 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed