Şrift:
Fərəc Quliyev: “Vasitəçilər Qarabağ münaqişəsində status-kvonu saxlamaq istəyirlər”
17.07.2012 [12:34] - Özəl xəbər, Fərəc Quliyev
Gün.Az-ın Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Fərəc Quliyevlə müsahibəsi:
- Snayperlərin Qarabağ münaqişəsi zonasından geri çağırılması problemi həqiqətənmi ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyan etdiyi kimi, Azərbaycanla Ermənistan arasında sülhə nail olunmasında ağrılı məsələlərdən biridir?

- Təbii ki, xeyr. İlk növbədə, belə bir yanaşma çox bəsitdir, belə ki müasir dünyada bu qəbildən olan problemləri sadəcə olaraq snayperləri qoşunların təmas xəttindən geri çağırmaqla həll etmək mümkün deyil. Məlum olduğu kimi, müasir müharibələr raketlərdən, artilleriyadan, aviasiyadan və digər bu kimi vasitələrdən istifadə etməklə aparılır. Daha doğrusu, iki ölkənin ordusu üz-üzə dayanır və burada snayperlərin geri çağırılması digər növ silahların geri çağırılması mənasına gəlməyəcək.
Azərbaycan torpaqları işğal olunub, ona görə də Azərbaycan Silahlı Qüvvələrinin (SQ) snayper güllələrinin məsafəsindən daha təhlükəsiz yerə çəkilməsi qeyri-mümkündür. Başqa sözlə desək, qoşunların təmas xəttindən silahların geri çəkilməsi ordunun geri çəkilməsi mənasını verir.
Buna görə də, ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsinin həllində beynəlxalq hüququn normalarına riayət olunmasına nail olmalıdırlar. Ermənistan-Azərbaycan münaqişəsinin həllində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələbləri yerinə yetirilməlidir.
Bundan əlavə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri münaqişə tərəflərindən öz qoşunlarını BMT və dünya ictimaiyyəti tərəfindən tanınmış sərhədlərinə çəkmələrini tələb etməlidirlər. Qarabağ münaqişəsində sülhə ancaq bu yolla nail olmaq olar, bu sülhün möhkəmlənməsi üçün isə münaqişə edən tərəflərin arasında sülhyaratma qüvvələri yerləşdirmək olar.
- ATƏT-in Minsk qrupunun həmsədrləri bildirirlər ki, onlar Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttində insidentlərin araşdırılması mexanizmləri ilə bağlı sənəd layihəsi hazırlayıblar. Belə bir mexanizmin işə düşməsi mümkündürmü?
- Dünya ictimaiyyəti Rusiya ilə Gürcüstan arasındakı müharibədən sonra bu münaqişəyə birmənalı mövqeyini bəyan etdi. Bundan sonra faktların araşdırılması missiyası münaqişənin qızışdırılmasında bu və ya digər tərəfin günahkar olması dərəcəsini müəyyənləşdirdi.
Beləliklə, Rusiya-Gürcüstan münaqişəsi ilə bağlı mövqe işlənib hazırlandı. Təəssüflər olsun ki, belə bir mövqe Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı işlənərək hazırlanmayıb.
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən insidentlərin araşdırılması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən mexanizmlərin hazırlanması məsələsinə gəldikdə isə, belə mexanizmlər yalnız erməni qoşunları Azərbaycan ərazisindən tam şəkildə çıxarıldıqdan sonra tətbiq oluna bilər. Bundan sonra bu mexanizmlərin tətbiq olunması Azərbaycanla Ermənistan arasında etimad münasibətlərinin yaradılması məqsədilə vacib sayılacaq.
Bunu nəzərə alaraq Avropa İttifaqının təşəbbüsü ilə Qarabağ münaqişəsinin həllinə həsr olunmuş beynəlxalq konfransın çağırılmasını vacib hesab edirəm. Burada yeni formatların axtarışı mümkün olardı və Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinə bilavasitə müdaxilə etməsi məsələləri müzakirəsi olardı.
- Snayperlərin geri çəkilməsi Qarabağ münaqişəsi zonasında status-kvoyanecə təsir göstərə bilər?
- Məlum olduğu kimi, Azərbaycan son vaxtlar bütün istiqamətlərdə, həm iqtisadi, həm də hərbi sahələrdə inkişaf edir. Eyni zamanda, Azərbaycan açıq şəkildə bəyan etməyə başlayıb ki, öz ərazi bütövlüyünü təmin etmək üçün problemin hərbi yolla həlli variantına əl ata bilər
Bundan sonra, ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsində mövcud status-kvonun saxlamağa və Azərbaycanı sakitləşdirməyə çalışırlar. Lakin, hesab edirəm ki, Azərbaycan status-kvonun uzun müddət davam etməsiinn mümkünsüzlüyünü bəyan etməklə düzgün mövqe tutub. Azərbaycan sülhə nail olmaq istəyir və bu sülh danışıqlar ya da hərbi yolla təmin olunmalıdır.
Bu baxımdan, müxtəlif beynəlxalq təşkilatlar Qarabağ münaqişəsi zonasında saxlanılan status-kvonun ədalətsiz olduğunu dəfələrlə bəyan ediblər.
Belə olan halda, əgər bu status-kvo ədalətsizdirsə, o zaman onun dəyişdirilməsinə cəhd olunmalıdır.
- Erməni-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulması halları təsadüfən baş verir yoxsa onlar yuxarıda dayanan komandirlər tərəfindən idarə edilir?
- Bu, şübhəsiz ki, idarə olunan bir prosesdir. Məlum olduğu kimi, erməni-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin fəal şəkildə pozulması halları ABŞ dövlət katibi Hillari Klintonun bu yaxınlarda regiona səfəri zamanı da baş verdi.
Eyni zamanda, bildiyiniz kimi, Ermənistan, onun rəhbərliyi, ordusu, üçüncü qüvvə tərəfindən idarə olunur. Müvafiq olaraq, erməni ordusunun hərəkətləri bu ölkə rəhbərliyinin siyasi iradəsindən asılı deyil. Bu yaxınlarda İrəvanda keçirilən hərbi paradı buna sübut gstərmək olar.
Burada rus əsgərləri səlahiyyətlərində olan Rusiya silahları və texnikası ilə yürüş edirdilər.

N.H.
Gün.Az
Bu xəbər oxucular tərəfindən 2898 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed