Şrift:
“Təbrizin aşıq musiqisinin mərkəzinə çevrilmə qabliyəti var”
28.11.2018 [11:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Aşiq musiqisinin tanınmış ustad sənətkarlarından olan Çingiz Mehdipur Azərbaycanın musiqi mədəniyyətinin ən qədim sahələrindən biri aşıq sənəti və Təbrizin bu sahədəki potensial imkanlarından danışıb.

O bu barədə noyabrın 26-da Təbrizdə peşəkar aşıq musiqisi və ədəbiyyatı mövzusunda keçirilən tədbirdə çıxış edib.

“Hesab eliyirəm ki, hər kəs bu qədim musiqini qoruyub saxlamağa çalışmalıdır. Əslində bu sənətin inkişafı istiqamətində ötən illərdə qonşu ölkələrlə daha çox əməkdaşlıq edilməli idi. Bu şəkildə Təbrizi aşıq sənətinin mərkəzinə çevirə bilərdik.
Aşıq musiqisinin ən çox inkişaf dönəmi Səfəvi dövründə baş verib. Bu musiqini, bir millətin içində yaranıb və inkişaf etdiyinə görə müqəddəs bir sənət hesab etmək olar”- deyə o bildirib.

Ustad Çingiz Mehdipur əlavə edib ki, aşıq musiqisi xoşbəxtlikdən dərbar və xüsusi şəxslərin ixtiyarında olmayıb. Bu sənət əhalinin inancı və etiqadı ilə əlaqədar olub və onların həyat tərzindən təsir alaraq bugünkü vəziyyətə gəlib.

"Mərhəmət Peyqəmbəri ilə səs-səsə" adı altında Təbrizdə keçirilən Beynəlxalq Aşıqlar Məclisi artıq yekunlaşıb. İslam peyqəmbərinin doğum günü münasibəti ilə keçirilən tədbir noyabrın 24-dən başlayaraq 4 gün davam edib.

Aşıqlar Məclisinə Güney Azərbaycandan 300, Azərbaycan Respublikasından 14, Gürcüstandan 5 və Türkiyədən 2 ustad sənətkar qatılıb.

Türk dünyasında “aşıq”, “ozan”, “bamsı” və “baxşı” adı ilə tanınan saz-söz adamları türk millətinin qədim mədəniyyəti və ənənələrinin qorunub saxlanılmasında hər zaman böyük rol oynayıb. İran rəsmiləri, o cümlədən Əli Xameneinin Şərqi Azərbaycandakı nümayəndəsi Məhəmmədəli Al-i Haşim Güney Azərbaycanda xüsusi əhəmiyyət verilən sənətə qarşı dəfələr çıxış edib, onun inkişaf etdirilməsinə maneçelik yaradıblar.
Bu xəbər oxucular tərəfindən 464 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed