Şrift:
Nyu-Yorkda məşhur göydələn Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq
04.08.2012 [11:50] - Gündəm
Dünyanın ən məşhur göydələnlərindən biri, Manhettenin “Empire State Building” binası avqustun 8-də Azərbaycanın dövlət bayrağının rənglərinə bürünərək Nyu-York şəhərini işıqlandıracaq.




Bu barədə “Empire State Building”in mətbuat xidmətinin məlumatında bildirilir. İşıqlandırma aksiyası göydələnin Londonda keçirilən Yay Olimpiya Oyunlarında iştirak edən dövlətlərə ithafıdır. Bu günlərdə “Empire State Building”in hər dörd tərəfi gecələr şüalarla Olimpiya Oyunları ölkələrinin birinin dövlət bayrağı rənglərinə boyanır. Beləliklə, avqustun 8-də məşhur binanın cənub tərəfi göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılacaq və Azərbaycan Respublikasının Olimpiya Oyunlarında iştirakını qeyd edəcək. Avqustun 11-də isə binanın şimal divarı Türkiyənin dövlət bayrağının qırmızı rəngini alacaq.



1929-cu ildə tikilən 102 mərtəbəli “Empire State Building” Manhettenin mərkəzində 5-ci prospektin və 34-cü küçənin kəsişməsində yerləşərək təkcə Nyu-York deyil, bütün Amerika Birləşmiş Ştatlarının rəmzlərindən biridir. Dünyanın hər yerindən üst mərtəbəsindəki rəsədxanaya milyonlarla turist cəlb edən bu göydələnin müxtəlif rənglərlə işıqlandırılması Nyu-York şəhərinin mədəni həyatında əsl hadisəyə çevrilir.
Bu xəbər oxucular tərəfindən 1311 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed