Şrift:
Nazirlik: Azərbaycanın yeraltı su mənbələri müəyyənləşdirilir
04.03.2019 [10:32] - Xəbərlər, Sosial
“Hazırda Azərbaycanda hər gün istehlak olunan qədər yeraltı su ehtiyatı var”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyib.
O bildirib ki, həmin su ehtiyatları gələcəkdə yerüstü su ehtiyatlarının çatışmazlığı ilə bağlı çətinlik yarandığı təqdirdə, ondan istifadə etməyə imkan yaradır.
M.Əbdülhəsənov qeyd edib ki, Azərbaycanın mövcud yeraltı su ehtiyatlarının həcmi ölkə üçün yerüstü suların çirklənməsi ilə bağlı çətinlik yarandığı zaman ondan istifadə etməyə imkan verir: “Bu gün ölkədə yeraltı su ehtiyatının az hissəsi istifadə edilir. Bakının içməli su ilə təminatı üçün Ceyranbatan Su Anbarının suyundan, Şollar, Oğuz-Qəbələ, Kür su kəmərlərindən gələn sudan istifadə edilir. Hazırda nazirlik davamlı şəkildə yeraltı su mənbələrinin axtarışı istiqamətində tədbirlər həyata keçirir və mənbələr müəyyənləşdirilir. Yerüstü su mənbələrinin olmadığı ərazilərdə, yeraltı su mənbəyinin müəyyənləşdirilməsi üçün geoloji kəşfiyyat işləri aparılır. Suyun keyfiyyətinin sanitar normalara cavab verdiyi ərazilərdə yeraltı su mənbələrindən içməli su kimi istifadəyə icazə verilir”.
Nazirlik rəsmisi əlavə edib ki, Araz və Kür çaylarının suyu qonşu ölkələrin ərazisindən çirkələnərək Azərbaycana daxil olur: “Ona görə də həmin sudan içməli su kimi istifadədə çətinliklər yaranır və suyun normalara uyğun təmizlənməsi üçün əlavə vəsait tələb olunur. Bununla bağlı həmin ərazilərdə yerləşən bir sıra yaşayış məntəqələrinin su təchizatı yeraltı sular hesabına təmin edilir. Kür çayında artıq bulanıqlıq ilboyu müşahidə edilir. Bununla bağlı çaydan istifadə üçün götürülən suyun təmizlənməsi üçün sutəmizləyici qurğuların quraşdırılması tələb olunur”.
Bu xəbər oxucular tərəfindən 93 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed