Şrift:
Bu gün ADMİU-nun iki tamaşası festivalda nümayiş olunacaq
04.03.2019 [12:31] - Gündəm, Afişa
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti mərhum rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş “Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalında 5 tamaşa ilə iştirak edəcək. Festivalın 4-cü günündə ADMİU-nun 2 tamaşası nümayiş olunacaq. Bunlardan biri 4 mart tarixində saat 14:00-da “Səmavi” tamaşasıdır. Müasir Rusiya dramaturqları A.Şipanov və A.Abrosimovun “Səmavi və ya onun həyatından dörd saat” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru və xoreoqrafı ADMİU-nun Teatr sənəti fakültəsinin rus bölməsinin tələbəsi Raulya Türkkandır. Tamaşada ADMİU-nun Aktyor sənəti ixtisası üzrə 4-cü kurs tələbəsi Milana Sokolenko çıxış edir. Tamaşa Rus Dram Teatrının səhnəsində oynanılacaq. Giriş sərbəstdir.
Günün növbəti tamaşası Kamal Abdullanın “Unutmağa kimsə yox” pyesi əsasında hazırlanan eyniadlı tamaşadır. Martın 4-də Teatr Xadimləri İttifaqının Böyük səhnəsində nümayiş olunacaq tamaşada Teatr sənəti fakültəsinin üçüncü kurs tələbələri Tunar Əlizadə (Aspirant), Çimnaz Bağırova və Oksana İsgəndərova (Qadın, Ana), Əlirza Kənani (Arxadaş), Səbinə Məmmədova (Quzu (Qağayı), Elnur Tağıyev (Yekəpər (Yaddaş), Rəhimə Abdinova (Əntər (Əzab), Asim Mərdanov (Qoca), Fərid Baxşıyev (Feldşer) iştirak edirlər.
Tamaşanın quruluşçu rejissoru qrupun kurs rəhbəri Əməkdar artist Yaqut Paşazadədir.
Tamaşada səhnə danışığı üzrə hazırlıq dosent Nadir Hüseynova, xoreoqrafiya işi isə Səbinə Məmmədovaya məxsusdur.
“Unutmağa kimsə yox” pyesi tələbələrin təqdimatında qəmli və həzin, sentimental və kədərli, oyunabənzər bir həyat kimi təqdim olunur.

Bu xəbər oxucular tərəfindən 884 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed