Şrift:
Avropada təhsil alan azərbaycanlı tələbələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vyana Forumu keçiriləcək
07.08.2012 [11:53] - Gündəm
Oktyabrın 26-27-də “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” mövzusunda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin Vyana Forumu keçiriləcək.

Azərbaycan Gənclər Fondunun mətbuat katibi Aynur Həsənzadənin verdiyi məlumata əsasən forum Azərbaycan Respublikasının Xarici İşlər, Gənclər və İdman nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycanın Avstriyadakı səfirliyi, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması” İctimai Birliyi və ASAIF-in təşkilatçılığı ilə baş tutacaq. Forum çərçivəsində Azərbaycanın rəsmi şəxsləri və ekspertlər Ermənistan-Azərbaycan münaqişəsinin tarixi aspektlərindən, danışıqlar prosesinin hüquqi, humanitar və digər aspektləri ətrafında müzakirələr aparacaq.

Forumda iştirak etmək üçün hal-hazırda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr, magistrlar və doktorantlar müraciət edə bilərlər. Forumda iştirak etmək istəyənlər müraciət formasını doldurub vyanaforum@gmail.com elektron ünvanına göndərməlidirlər. http://youthfoundation.az/vyanaforum/

Qeyd olunub ki, müraciətlərin son qəbul tarixi 10 sentyabrdır.
Bu xəbər oxucular tərəfindən 1041 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed