Şrift:
31 Mart soyqırımı qurbanlarının xatirəsi Zaqatalada anılıb
29.03.2019 [14:27] - Xəbərlər, Sosial
İki əsrdən çoxdur ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşib, soydaşlarımızın insan hüquqları kütləvi şəkildə pozulub. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub.

Bu fikirlər 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar martın 29-da Zaqatala şəhərində keçirilən toplantıda səsləndirilib.

Toplantıdan əvvəl rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edənlər erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin acı nəticələri barədə danışıblar. Qeyd olunub ki, ötən əsrin əvvəllərində Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və Azərbaycanın digər yerlərində törədilən qırğınlar zamanı on minlərlə həmvətənimiz qəddarcasına öldürülüb, xalqımızın qiymətli maddi-mədəni abidələri məhv edilib. Azərbaycanlılara qarşı soyqırımı siyasəti indi də məqsədyönlü şəkildə davam etdirilir. Xalqımız ötən əsrin sonlarında 20 Yanvar, Xocalı kimi misli görünməmiş dəhşətli faciələrlə üzləşib, torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan çox həmvətənimiz öz ata-baba torpaqlarından didərgin düşüb.

Çıxış edənlər 1918-ci ilin martında erməni millətçiləri tərəfindən azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, soyqırımına məruz qalmasını XX yüzillikdə dünya tarixinin ən qanlı səhifələrindən biri hesab olunduğunu bildiriblər. Ermənilərin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri önə çəkilib. Hazırda bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyi qeyd olunub. Vurğulanıb ki, Azərbaycan xalqı işğal altında olan ərazilərimizin Prezident İlham Əliyevin uğurlu siyasi, diplomatik fəaliyyəti sayəsində tezliklə düşmən tapdağından azad ediləcəyinə, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqlarına əmindir.
Bu xəbər oxucular tərəfindən 445 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed