Şrift:
Faiq İsmayılov: “İrandan verilən qaz hesabına bütün Qarabağda qazlaşdırma işləri aparılır”
08.08.2012 [14:43] - Gündəm
“Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı qanun layihəsi hazırlamışıq”. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin rəhbəri Faiq İsmayılov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, aparılan araşdırmalar onu göstərir ki, Minsk Qrupu üzvləri təmsil etdiyi ölkələr adından Ermənistana xeyli yardım edir və qondarma “respublika”da “quruculuq” işlərinin aparılmasında yaxından iştirak edirlər: “Ermənistan Qarabağı respublika kimi tanıtmaq üçün orada quruculuq işləri aparır, məktəblər tikir. İrandan verilən qaz hesabına bütün Qarabağda qazlaşdırma işləri aparılır. Minsk Qrupunun üzvləri isə Ermənistana xeyli sayda vəsait ayırır. Bütün bunlar qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına xidmət edir. Belə olan təqdirdə, biz Minsk Qrupunun apardığı danışıqlara etiraz edir və bunun dayandırılmasını tələb edirik”.

O qeyd edib ki, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qanun qəbulu vacibdir: “Biz Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı qanun layihəsi hazırlamışıq və bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim etmişik. Təxminən sentyabrda həmin qanun layihəsi şura tərəfindən müzakirəyə çıxarılacaq”.
Bu xəbər oxucular tərəfindən 1276 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed