Şrift:
Vəkillər Kollegiyasının ilk regional qurumu olan Sumqayıt Regional Vəkil Bürosunun binası istifadəyə verilib
22.05.2019 [10:21] - Hüquq
Mayın 21-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının ilk regional qurumunun – Sumqayıt Regional Vəkil Bürosunun inzibati binası istifadəyə verilib.

Əvvəlcə mərasimdə iştirak edən qonaqlar Sumqayıtdakı Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra qonaqlar parkı gəzib, burada Heydər Əliyev Mərkəzinə və Şahmat məktəbinə baş çəkib, YAP şəhər təşkilatının yeni binasında yaradılan şəraitlə tanış olublar.

Sumqayıt Regional Vəkil Bürosunun inzibati ofisinin açılışında Vəkillər Kollegiyası sədri Anar Bağırov, Əməkdar hüquqşünas, Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri İkram Kərimov, Milli Məclis deputatları, region vəkilləri, yerli icra hakimiyyəti, habelə məhkəmə hakimiyyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.

Sumqayıt Regional Vəkil Bürosunun ofisinə baxış keçirilib, yaradılan şəraitlə tanışlıq olub.

Bildirilib ki, regional büronun açılışı Azərbaycan vəkilliyinin 100 illiyinə və Sumqayıtın 70 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində reallaşıb. Şəhərin 9-cu mikrorayonunda yerləşən bina Prezidentin Sərəncamı əsasında Vəkillər Kollegiyasının əvəzsiz istifadəsinə verilib.

Qeyd edilib ki, vətəndaş məmnunluğunun, təşkilati-hüquqi formasından asılı olmayaraq regionda yerləşən bütün idarə və təşkilatların hüquqi yardımla operativ təmin edilməsi üçün ofisin təmiri ilə yanaşı, büronun maddi-texniki bazası da gücləndirilib, müasir mebel, kompüterlər və digər zəruri avadanlıqlarla təmin edilib.

Bu işlərin görülməsi dövlət büdcəsinin Ehtiyat Fondundan Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına təmin edilib. Sahəsi 171,6 kvadratmetr olan ofisdə konfrans zalı, konfidensial otaq, qəbul masası, vəkillərin fəaliyyəti üçün geniş sahəyə malik iş kabinetləri olmaqla, növbətçi və qonaq vəkil masaları, mətbəx və digər köməkçi otaqlar da var. Habelə gələcəkdə Vəkillər Kollegiyasının Tədris və Hüquqi Yardım Mərkəzi ilə əlaqəli şəkildə region vəkilləri üçün distant təlimlərin keçirilməsi məqsədilə telekonfrans sisteminin qurulması da nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, Sumqayıt Regional Vəkil Bürosunun hüquqi yardım üzrə xidmətlərindən Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan respublikanın 14 rayon və şəhəri üzrə bütün vətəndaşlar, habelə təşkilati hüquqi formasından asılı olmayaraq regionda yerləşən bütün idarə və təşkilatlar yararlanmaq imkanına malikdirlər.
Bu xəbər oxucular tərəfindən 629 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed