Şrift:
Azərbaycanın üç güləşçisi Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
04.06.2019 [10:08] - Gündəm, İdman
İyunun 3-də İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı start götürüb.

Yarışın birinci günündə 55, 63, 77, 97 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Azərbaycan idmançısı Zaur Əliyev Avropa çempionatına inamlı start verib. Güləşçimiz ilk görüşündə Bolqarıstan idmançısına qalib gəlib. Z.Əliyev növbəti görüşü də vaxtından əvvəl qələbə ilə başa vurub. O, dörddəbir finalda Danimarka təmsilçisindən üstün olaraq adını yarımfinala yazdıran ilk güləşçimiz olub. Finalın bir addımlığında Gürcüstan təmsilçisi ilə qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. Həmyerlimiz 3:2 hesabı ilə önə keçsə də, son dəqiqədə müdafiədə buraxdığı səhv ucbatından görüşdən məğlub ayrılıb. Z.Əliyev bu gün bürünc medal uğrunda güləşəcək.

İdmançımız Zaur Nuriyev də yarışa uğurla başlayıb. Təmsilçimiz portuqaliyalı rəqibini cəmi 36 saniyəyə məğlub edib. Ancaq Z.Nuriyev dörddəbir finalda gürcü həmkarına məğlub olub. Rəqib finala yüksəldiyi üçün Zaur təsəlliverici görüşə çıxacaq.

Yarışda 87 kiloqram çəki dərəcəsində mübarizə aparan Laçın Vəliyev çempionata inamlı start verib. Yığma üzvü əvvəlcə Finlandiya təmsilçisinə qalib gəlib. Laçın səkkizdəbir finalda prinsipial qarşılaşmada erməni rəqibinə də heç bir şans verməyərək parlaq qələbə qazanıb. Ancaq o, dörddəbir finalda Macarıstan idmançısına müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün idmançımız təsəlliverici görüşə çıxacaq.
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed