Şrift:
Qənirə Paşayeva: «İran mediası mənim əleyhimə kampaniya üçün ayırdığı vaxtı zəlzələdən zərərçəkənlərə ayırsa, daha yaxşı olar»
17.08.2012 [12:05] - Gündəm
«İran mediası mənim əleyhimə kampaniya üçün ayırdığı vaxtı zəlzələdən zərərçəkənlərin problemlərinə ayırsa, daha yaxşı olardı».

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib.

Q. Paşayeva deyib ki, İranın bəzi telekanallarının - dövlət televiziyası, «Səhər» telekanalı, ayrı-ayrı xəbər agentliklərinin ona qarşı kampaniya aparması birinci dəfə deyil. O, bununla həm jurnalist olaraq çalışdığı dönəmdə, həm də parlamentdə millət vəkili olduğu dövrlərdə üzləşdiyini bildirib: «Mən günahsız həbs olunan şairlərimizlə bağlı çıxış etdim. Onun sabahı mənə qarşı kampaniyaya başladılar. Yaxud Urmiya gölü ilə bağlı problem yarananda fikrilərimi söylədim. Yenə mənə qarşı böyük kampaniya başladı. İranın Azərbaycana qarşı gördüyü işlərlə bağlı çıxış edirəm, sabahı başlayırlar. Bu kampaniya tək mənə qarşı deyil, bu mövzuda danışanların hamısına qarşı aparılır».

Millət vəkili deyib ki, yardım kampaniyalarına dəstək göstərilməsi ilə bağlı çağırışlar İran tərəfdən mənfi niyyətlə qarşılanır: «Zəlzələdən zərər çəkənlər azərbaycanlılardır və bizim bacı-qardaşlarımızdır. Hər bir Azərbaycan türkünün ürəyi onlarla bərabər ağrıyır və onların ağrı-acısını paylaşırıq».

Millət vəkili Facebook sosial şəbəkəsində yazdığı bəzi fikirlərə İran tərəfdən gələn reaksiyalara da münasibət bildirib: «Mən vətəndaş olaraq sosial şəbəkədə yazmışam ki, bütün İranın ərazisində deyil, sadəcə Şərqi Azərbaycan vilayətində matəm elan olundu. Bunun nəyi mənfi fikirdir? Qoy özləri bunu açıqlasınlar. Bununla bağlı üzüntümü dilə gətirmişəm. İkinci, yazmışam ki, kaş ki, Türkiyənin yardımlarından imtina olunmayaydı. Çünki Azərbaycan və Türkiyə xarici ölkə deyil, İranın daxilində yaşayan və bu ölkə əhalisinin yarısını təşkil edən bir millətin qardaşıdır. Ona görə də Azərbaycan və Türkiyənin yardımı səmimi yardımdır və qardaş yardımı idi. Mətbuatdan gördüm ki, Azərbaycan vətəndaşları könüllü yardım göstərmək istəyib. Amma İran səfirliyi onu qəbul etmək istəməyib. Söhbət İranın ehtiyacının olub-olmamasından getmir. Söhbət ondan gedir ki, orada minlərlə insanımız əziyyət çəkir, ehtiyacı var. Biz bu yardımı xoş niyyətlə edirik».

Q. Paşayeva qeyd edib ki, onun Facebook səhifəsində yazdığı «Mənim yaralı anam Azərbaycan» statusundan da İran mediası ona qarşı qərəzli şəkildə istifadə edir: «Mən anlamıram ki, bu ifadə İranı niyə qıcıqlandırır?».

Q. Paşayeva İranda zəlzələdən zərər çəkənlərə yardım məqsədi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başladığı kampaniyaya qoşulduğunu da vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 1229 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed