Şrift:
Naxçıvanda fərdi aqrar təsərrüfatların iqlim dəyişikliyinə adaptasiyası üzrə təlimlər keçirilir
20.06.2019 [11:10] - Gündəm, Sosial, Bildiriş
Naxçıvan Biznes Mərkəzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Korporativ Sosial Məsuliyyət Komitəsi Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində “Fərdi aqrar təsərrüfatların iqlim dəyişikliyinə adaptasiyası” mövzusunda təşkil etdiyi təlimə başlanılıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev muxtar respublikada ekoloji təmiz ərzaq məhsulları istehsalında əldə olunmuş müsbət təcrübədən danışıb. Bildirib ki, diyarımızda aqrar sahənin inkişafına göstərilən diqqət burada ərzaq məhsulları istehsalı üzrə kiçik fermer təsərrüfatlarının sayının artmasına imkan yaradıb.

Nazir qeyd edib ki, qlobal iqlim dəyişikliyi proseslərinin baş verdiyi dövrdə muxtar respublikamızda da aqrar sahə üzrə məşğul olan insanların məlumatlandırılması baxımından bu tədbir əhəmiyyətlidir.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov bildirib ki, hazırda iqtisadiyyatın müxtəlif sahələrində tətbiq olunan yeni innovativ texnologiyalarla yanaşı, korporativ sosial məsuliyyət də getdikcə əhəmiyyət qazanır. Bu baxımdan ətraf mühitin qorunması, yerli icmalarla iş və iqlim dəyişikliyinin təsirləri ilə mübarizə istiqamətində aparılan işlərə ölkəmizdə ciddi diqqət yetirilir. Qeyd edib ki, bu sahədə həyata keçirilən dövlət tədbirləri ilə yanaşı, hər bir özəl müəssisə də fəal olmalıdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədr müavini Nadir Adilov, Milli Hidrometeorologiya xidmətinin direktor müavini İmran Əbdulov çıxış edərək iqlim dəyişikliyi şəraitində su, torpaq və bitki idarəçiliyi, kənd təsərrüfatında mövcud innovasiyalar haqqında danışıblar.

Sahibkarları maraqlandıran suallar Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, elm və təhsil ocaqlarının mütəxəssisləri tərəfindən cavablandırılıb.

Qeyd edək ki, iki gün davam edəcək tədbir zamanı Naxçıvan Muxtar Respublikasının müxtəlif bölgələrində heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyət göstərən 60-dan çox sahibkar praktik biliklər əldə edəcəklər. Təlimin sonunda sahibkarlara müvafiq sertifikatlar təqdim olunacaq.
Bu xəbər oxucular tərəfindən 465 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed