Şrift:
Normadan artıq duzdan istifadə edilməsi orqanizmdə müəyyən asılılıq yaradır
30.09.2019 [12:01] - Gündəm, Sağlıq
Süfrəmizin əsas nemətlərindən olan duzu el arasında “bərəkət rəmzi” adlandırırlar. Xörək bişirərkən ona dad qatmaq üçün mütləq duz əlavə edilir. Bəs gün ərzində hansı miqdarda duzdan istifadə etmək sağlamlıq üçün ziyan törətmir?

Həkim-fitoterapevt Elnur Eldaroğlunun dediyinə görə, duzun gündəlik istifadəsi 10-15 qram aralığında balanslaşdırılmalıdır. Onun həmin normadan artıq qəbul edilməsi sağlamlıq üçün təhlükəlidir: “Hipertoniya, insult və ürək-damar xəstəliklərindən əziyyət çəkənlər duzdan ehtiyatla istifadə etməlidirlər. Hətta qaraciyər serrozu, böyrək xəstəlikləri və nefrotik sindromla müşayiət olunan xəstəliklər zamanı duzdan istifadə edilməsinə qadağa qoyulur”.

Həkimin verdiyi məlumata görə, normadan artıq duz istifadə olunması orqanizmdə müəyyən asılılıq yaradır. Ona görə də duzdan istifadəni tədricən azaltmaq tövsiyə edilir. Bir sıra qidalar var ki, tərkibində duz olduğu üçün əlavə olaraq duzdan istifadə edilməsi orqanizmə mənfi təsir göstərə bilər: “Sutkada 4 qram duzu yalnız çörəkdən almaq mümkündür. Tərəvəzin də tərkibində müəyyən miqdarda duz var. Hətta bir sıra bitkilərin tərkibində kimyəvi maddələrlə yanaşı, duz da var. Ona görə də əlavə olaraq duzdan istifadə olunması məqbul deyil. Hətta pomidorun tərkibində duz olduğuna görə onun üzərinə yenidən duz əlavə etməyə ehtiyac yoxdur”.

Əslində duz minerallarının orqanizmin hər bir toxumasına faydası var, sadəcə olaraq onu normada qəbul etmək məsləhətdir.
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed