Şrift:
Hadi Bahaduri terror qruplaşmalarını dəstəkləyən kürd millət vəkillərini sərt tənqid edib
19.10.2019 [12:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri PKK/YPG-PYD terror qruplaşmalarını dəstəkləyən İran parlamentinin kürd kökənli deputatlarını sərt tənqid edib.



“Məclis və Azərbaycan” agentliyinin yaydığı məlumata görə, “Barış pınarı” əməliyyatına ikinci dəfə münasibət bildirən millət vəkili terrorçu qruplaşmaların tərəfdarlarına kəskin mesajlar ünvanlayıb.



“Bizim ölkəmizin əsas prioriteti terrorizm və terrorçu qruplaşmalara qarşı mübarizdən ibarətdir. Son 10-15 il ərzində Amerika Birləşmiş Ştatları tərəfindən dəstəklənən terrorçu qruplaşmalar islam inqilabının birinci illərində “Komelə” və “Demokrat” adları ilə cinayət törədirdilər. Bu gün isə terrorçular İŞİD, “Əl-Qaidə”, “Pejak” və PKK şəkilində meydana çıxıb. Bütün hallarda bizim üçün əsas məsələ onlara qarşı mübarizə aparmaqdır.

Təəssüflər olsun ki, bəzi həmkarlarımız hələlik məqsədi tam aydın olmayan açıqlamalarla çıxış etdilər. Lakin onlar bizim sərhədçilərimiz günahsız yerə öldürüləndə və ya terrorçular parlamentimizə hücum etdiyi zaman bu şəkildə çıxış etmədilər!”- deyə o bildirib.



Hadi Bahaduri kürd millət vəkillərinə xitabən vurğulayıb ki, “ümumi götürəndə bəzi deputatların davranışı anlaşılmazdır. Onlar Suriyada baş verən hadisələrdən danışır, lakin terrorçuları pisləmirlər. Bu başa düşülən deyil.”



Hadi Bahaduri ötən günlərdə də Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatına münasibət bildirmişdir. O Twitter səhifəsində paylaşdığı postda qeyd etmişdir ki, “İŞİD və ya PKK, fərqi yoxdur. Terrorçular və tərəfdarları məhv olmalıdır. Mən özüm terrorun acısını dadmışam.”



Bundan əvvəl Urmiyanın digər millət vəkilləri Ruhulla Həzrətpur və Nadir Qazipur, həmçinin Mərənd və Culfanın millət vəkili Məhəmməd Həsənnəjad oxşar mövqe sərgiləyərək Suriyanın şimalındakı terror qruplaşmalarının fəaliyyətini pisləyib, qruplaşmalara dəstək nümayiş etdirən İran parlamentinin deputatlarına öz etirazlarını bildirmişdilər.



Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhəddini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed