Şrift:
İstiqlalçı deputat müstəqilliklə bağlı ilginc faktlar səsləndirdi
19.10.2019 [12:49] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “”SSRİ-nin çökməsində bir neçə respublikanın müstəsna xidməti olub ki, onlardan biri də Azərbaycandır"

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 28 il öncə-18 oktyabr 1991-ci ildə Azərbaycan Ali Sovetində “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilib. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar sessiyaya qatılmayıblar. Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

Bu günlə bağlı danışan ziyalılar bildirirlər ki, müstəqilliyin bərpası uğrunda xalq hərəkatı 1988-ci ildən açıq müstəviyə keçsə də, bu böyük yolu yalnız 3 illə məhdudlaşdırmaq olmaz. İstiqlalçı deputat Sabir Rüstəmxanlı bu günlə bağlı məqalələrinin birində bildirib ki, 1920-ci il aprel işğalından sonra Xalq Cümhuriyyətinin müstəqillik ideyasını xalqın yaddaşında yaşadan və bu yolda həyatını itirən minlərlə ziyalımızın, fikir adamının mübarizəsinin nəticəsində ki, milli şüur daim yaşadı və 80-ci illərdə böyük bir axına çevrildi:

“”İstiqlalçı deputatlar" adı ilə bilinən 43 ziyalı bu yolda canından keçmiş sələflərinin, ümumilikdə xalqın istəyini öz imzalarında tarixləşdirdilər. Ona görə də imzalarımızın görünməyən, amma daha dərin kökündə həm də Əhməd Cavadın, Almaz İldırımın, Hüseyn Cavidin, Mikayıl Müşfiqin və əlbəttə ki, ömrünün sonuna qədər azadlıq mübarizəsini davam etdirən və üçrəngli bayrağımızın bir daha enməyəcəyinə hər zaman inanan Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının adları da həkk olunub".

Eyni zamanda ictimaiyyətdə bəzi şəxslərə görə, 1991-ci ildə elə bir zaman yetişmişdi ki, artıq müstəqil olmamaq mümkün deyildi. Onlar iddia edirlər ki, sadəcə olaraq SSRİ dağıldığı üçün ona daxil olan respublikalar təbii olaraq, müstəqillik qazanıblar.

“Yeni Müsavat”a danışan istiqlalçı deputat Fərəc Quliyev bildirib ki, azadlıq verilmir, qanla alınır: “Bizim millət də bu azadlığı alıb. SSRİ-nin çökməsində bir neçə respublikanın müstəsna xidməti olub ki, onlardan biri də Azərbaycandır. Ümumiyyətlə, Azərbaycan bölünəndən sonra ardıcıl olaraq milli azadlıq hərəkatı davam edib. Güney Azərbaycanda ardıcıl olaraq bir neçə dəfə dövlət qurulub, inqilablar baş verib. Şimali Azərbaycanda da 1918-20-ci illərdə dövlətimiz olub. Ondan sonrakı dövrlərdə də savaş, mübarizə dayanmayıb. Qaçaqçılıq hərəkatı, ondan sonra Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə dissident hərəkatı, 1970-ci illərdə Əbülfəz Elçibəyin başçılığı ilə gizli savaşlar və Elçibəyin həbsi yaşanıb. Sonrakı dövrlərdə isə xalq hərəkatı başlayıb. Yəni bir gün də olsun xalqın mübarizəsi dayanmayıb. Əlbəttə ki, başqa respublikalar da mübarizə aparıblar və SSRİ-nin çökməsi bu mübarizənin nəticəsi idi. Heç bir imperiya əlinin altında olan ərazini buraxmaz. Bunu deyənlər, sadəcə olaraq proseslərdə iştirak etməyib, buna qısqanc şəkildə baxanlardır. Bu, məsələnin bir tərəfidir. Müstəqilliyin əldə olunması xalqımızın ən böyük nailiyyətidir. 1989-cu ildə də Azərbaycan xalqı gücünə, mübarizəsinə görə ilin xalqı elan olundu”.

Müstəqillik dövrünün nailiyyətləri barəsində isə F. Quliyev aşağıdakıları söyləyib:


“İlk növbədə təbii ki, müstəqilliyin özü elə böyük nailiyyətdir. Hətta ölkədə iqtisadi cəhətdən heç bir irəliləyiş olmasa belə, müstəqilliyi saxlamaq mühüm məsələdir. Çünki müstəqillik şərəf, namus işidir. Ancaq hər halda biz nə qədər ki, işğal altında olan ərazilərimizi geri qaytara bilməmişik, hər şeyin də qaydasında olduğunu söyləyə bilmərik. Hətta ölkədə bütün sosial, iqtisadi məsələlər həll olunsaydı belə, Qarabağ ətrafında işğal olunan ərazilərimiz azadlığa çıxarılmayana qədər heç birimiz ”hər şey qaydasındadır",-deyə bilmərik. Biz suverenliyimizin 20 faizindən istifadə edə bilmirik. Bu ərazilərimizdə düşmən talançılıqla məşğuldur. Əlbəttə ki, xeyli uğurlarımız var. Dövlətimiz özünün dünyada ən yaxşı ordularından birini qura bilib. Bundan əlavə biz hərbi sənaye kompleksimizi qura bilmişik. Azərbaycan xeyli dərəcədə qeyri-neft sektorunun inkişafına nail olub. Hərçənd ki, bu, hələ istədiyimiz səviyyədə deyil. Bundan əlavə Azərbaycanın valyuta ehtiyatları da xeyli dərəcədə artırılıb və sair. Bütün bunlar müstəqilliyə bağlı olan məsələdir".

Əli RAİS,
Musavat.com
Bu xəbər oxucular tərəfindən 114 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed