Şrift:
Fərəc Quliyev: Güney mübarizəsini kimsə modelləşdirmir /Şərqə MÜSAHİBƏ.
07.09.2012 [13:28] - Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: "Bu gün kiminsə maraqları bizim maraqlara uyğun olub, yanımızda görünürsə, demək, onlar bizim yanımızdadır, biz kiminsə yanında deyilik"

"BBC", "The Guardian" kimi nüfuzlu media qurumlarının Güney Azərbaycanla Quzey Azərbaycanın birləşməsindən bəhs edən materiallarından sonra İspaniyanın "El Pais" qəzeti də eyni məzmunlu məqalə dərc edib. Pilar Bonetonun qələmə aldığı məqalədə deyilir ki, əhalisinin müsəlmanlar çoxluq təşkil etməsinə baxmayaraq İran Azərbaycan ərazilərini işğal etmiş Ermənistanın müttəfiqi və əsas dəstəkçilərindən biridir. Qeyd olunub ki, rəsmi Bakı həmçinin İranda yaşayan 20-30 milyon arası azərbaycanlıların Tehran rejiminin ayrı-seçkiliyi ilə üzləşdiyini iddia edir.

Qeyd edək ki, son vaxtlar Güney Azərbaycanın müstəqilliyi məsələsi Qərb dairələrində qabardılır. Məsələn, bir müddət öncə amerikalı konqresmen Dana Rorobaçerin dövlət katibi Hillari Klintona ünvanladığı məktubda ABŞ-ı Güney Azərbaycandakı hərəkata dəstək verməyə çağırmışdı. Dövlət katibinin məktuba cavabı açıqlanmasa da, hər halda reaksiya da verildi. Analitiklərin qənaətincə, ABŞ İranın sərhədlərinin dəyişdirilməsinin əleyhinə çıxsa da, bir müddət sonra Cənubi Azərbaycan kartından Tehran rejiminə qarşı istifadə edəcək.

Qərb dairələrinin Cənubi Azərbaycanın müstəqilliyi məsələsində həssaslaşmasını şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirib ki, xarici mətbuatın azərbaycanlıların birləşmək istəyini dilə gətirməsi, həmçinin ABŞ Konqresi üzvünün bu məsələ ilə dövlət katibi Hillari Klintona müraciət etməsi öz-özlüyündə mühüm faktordur. Onun sözlərinə görə, bu, Qərbin artıq bizim milli iradə ilə hesablaşması deməkdir. Deputatın qənaətincə, dünyanın ciddi siyasi güclərinin Azərbaycanı öyrənməyə başlamaları, İranda baş verən hadisələri birbaşa Azərbaycan türklərinin iradəsi ilə ölçməsi, kriteriya kimi bu faktora istinad etmələri o deməkdir ki, Güney Azərbaycanda kifayət qədər oturuşmuş şəkildə bir hərəkat gedir. F.Quliyev qeyd edib ki, Qərb ölkələri bu bölgə üçün müxtəlif planlar düşünə bilərlər və illər ərzində düşünüblər: "Amma göründüyü kimi, ortaya bir nəticə qoya bilməyiblər. Güney Azərbaycan Milli Hərəkatı Azərbaycan bölünəndən başlayıb. Hətta dəfələrlə bu hərəkatın nəticələri də olub. Səttarxan, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri dönəmində nəticə əldə edilib. Bu, bir əsrdə 4 dəfə inqilab edən xalqdır. Amma dünyanın böyük güclərinin Güney Azərbaycanla bağlı layihələri əsasən 1979-cu il inqilabından sonra yaranıb. Bu gün İrana qarşı olanlar həmin vaxtadək İranla bir yerdə idilər. Yəni Azərbaycan türkü kiminsə yanında deyil. Güney türkünün mübarizəsini kimsə modelləşdirmir. Azərbaycan türkü özü-öz içindən bölünməsinə etiraz edir, özünün milli şəkildə bütövləşməsini, dövlətləşməsini hədəf kimi ortaya qoyub və sabit şəkildə bu hədəfə doğru mübarizə aparır. Bu gün kiminsə maraqları bizim maraqlara uyğun olub, yanımızda görünürsə, demək, onlar bizim yanımızdadır, biz kiminsə yanında deyilik. Bu çox mühüm bir faktordur. Yəni Güney Azərbaycan Milli-Azadlıq Hərəkatının bazası, onun hərəkətverici qüvvəsi Azərbaycan xalqıdır, Azərbaycan xalqının özüdür. Bu prosesə dünya ictimaiyyətinin dəstək verməsi normal bir haldır".
"Şərq" qəzeti. Anar
Bu xəbər oxucular tərəfindən 1915 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed