Şrift:
Xoy Məhkəməsi 16 soydaşımızı azadlıqdan məhrum etdi
07.09.2012 [13:36] - Güney Azərbaycan xəbərləri
Bu xəbəri paylaş «Özümü xalqın nökəri, süpürgəçisi hiss etmişəm» «Tarixin qədim səhifələrində İran adlı dövlət yoxdur» İran Türkiyədə casusluq fəaliyyətini genişləndirir Körfəz Əməkdaşlıq Şurası İranı qınayıb Turqut

Xoy İnqilab Məhkəməsinin birinci şöbəsi 16 azərbaycanlı milli-mədəni fəalı azadlıqdan məhrum edib. Belə ki, məhkəmə onların ittihamını dəyişərək hər birinə 6 ay həbs cəzası verib. Bundan əlavə, soydaşlarımız 2 il müddətinə şərti həbs cəzasına məhkum olunub. Məhkəmə 9 milli-mədəni fəaldan başqa digərlərinin barəsində qiyabi qərar çıxarıb. Onların yeni ittihamı pantürkizmi dəstəkləməkdən ibarətdir. Həbs cəzasına məhkum olunmuş soydaşlarımız isə Şirzad Hacilu, Şəhram Yüzbaşı, Bəhmən Nəsirzadə, İslam Əliəkbərlu, Cəfərəli Həminpur, Həmid Bayat, Cavad Sərvnaz, Mehdi Qiyasi, Siyavuş Həbibzadə, Behnam Hacıməhəmmədi, Arman Vəlilu, Məhəmməd Rəzzaqi, Eyvaz Bayat, Cəlil Qənilu, Məhərrəm Xoşa və Vahid Faizpurdur. Qeyd edək ki, azərbaycanlı fəallar 2011-ci il sentyabrın 27-də ölkənin təhlükəsizliyini və asayişini pozmaq məqsədilə qrup yaratmağa cəhd göstərmək ittihamıyla mərhum İbrahim Cəfərzadə ailəsinin dəfn mərasimində həbs olunub və sonra mülk girovu qarşılığında azadlığa buraxılıblar.
Bundan əlavə, Zəncanın Pəyami Nur Universitetinin tələbəsi, insan haqları fəalı və jurnalist Davud Xudakərəmi həbs cəzasına məhkum edilib. Soydaşımız Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən sistemin əleyhinə təbliğat aparmaqda günahlandırılaraq 4 il müddətinə təxirə salınmaqla 4 ay həbs cəzasına məhkum olunub. Hökmdə bu ittihama səbəb kimi Zəncanda Urmiya gölünün xilasıyla bağlı kampaniyaya çağırış mətnini hazırlamaq, kampaniyanın çağırış mətnini internetə yerləşdirmək və əhalini qanunsuz aksiyaya çağıran bildirişlər yaymaq və s. göstərilib. Davud Xudakərəmi 2011-ci il noyabrın 18-də Zəncan avtovağzalına «Bayram» aylıq dərgisini göndərmək üçün gedib və «Ettelaat» əməkdaşları tərəfindən həbs olunub. Soydaşımız 17 gün saxlanıldıqdan sonra mülk girovu qarşılığında azadlığa buraxılıb.
Eyni zamanda Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi azərbaycanlı fəallar Behnam və Bəhram Cəfərini cərimə cəzasına məhkum edib. Hakim Rəhim Həmlbərin sədrliyilə keçirilən iclasda soydaşlarımızın hər biri 500 min tümən cərimə cəzası kəsilib. Behnam və Bəhram Cəfərinin məhkəməsi avqustun 21-də keçirilib. Onlar sistemin əleyhinə təbliğat aparmaqda günahlanırılıblar. Qeyd edək ki, azərbaycanlı fəallar daha üç nəfər milli-mədəni fəalla birlikdə mayın 21-də Təbrizdə Urmiya gölüylə bağlı keçirilən yığıncaqla əlaqədar həbs olunub və bir müddət saxlanıldıqdan sonra mülk girovu qarşılığında azadlığa buraxılıblar.

Soydaşlarımız Ərdəbil Cəza Məhkəməsinə çağırılıb

Güney Azərbaycanın Germi şəhərindəki Pəyami Nur Universitetinin Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan tələbəsi Məhəmməd Xakpur Ərdəbil Cəza Məhkəməsinə çağırılıb. İranda Azərbaycan türkcəsinin qorunması istiqamətindəki fəallığına görə Məhəmməd Xakpur indiyədək iki dəfə tutulub, qısa müddət həbsdə saxlanıldıqdan sonra mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb. Cəzalar sırasında onun universitetdə təhsil almasına iki semestr qadağa qoyulması hadisəsi də var. Ərdəbilli tələbənin İranın milli təhlükəsizliyinə qarşı çıxmaqda və dövlət quruluşuna qarşı təbliğat aparmaqda günahlandırıldığı bildirilir. Bundan əlavə, Rəhim Qulami, Xaliq Əkbərzadə, Həsən Bədəli, Fərhad Aslani, Murtəza Pərvin və Məsud Mehrdad da Ərdəbil Cəza Məhkəməsinə çağırılıb və onlar son müdafiə dəlillərini təqdim edəcəklər. Azərbaycanlı fəalar 2011-ci il sentyabrın 1-də Ərdəbildə Urmiya gölüylə bağlı keçirilmiş kütləvi aksiyalarla bağlı həbs olunub və təxminən bir ay saxlanıldıqdan sonra zəmanət qarşılığında azadlığa buraxılıblar.

Nadir Qazipurun harayı

Urmiya şəhərini İran parlamentində təmsil edən millət vəkili Nadir Qazipur növbəti dəfə Urmiya gölündəki ekoloji fəlakətə toxunub. O, parlamentdəki çıxışında bildirib ki, Urmiya gölüylə bağlı əhalinin tələbləri hədsiz çox olduğuna görə bu məsələyə səssiz qalmaq mümkün deyil: «Bununla ba?lı səlahiyyətli şəxslər lazımi tədbirlər almalıdır. Bu ekoloji böhranla bağlı mütəxəssislər dəfələrlə xəbərdarlıq etsə də, Urmiya gölündəki ekoloji fəlakət getdikcə dərinləşir. Urmiyanın turizm sektoru da artıq məhv edilib. Urmiya gölünün qurumasının iqtisadi, ictimai və ətraf-mühitə vuracağı ziyanlar kimsəyə sirr deyil. Ona görə də ölkə rəhbərliyi və yerli məsullar əməli addımlar ataraq baş verə biləcək insani faciənin qarşısını almalıdır».

Məsumə Ağazadə yol qəzasında ölüb

İranın Qərbi Azərbaycan vilayətinin Qızıl Aypara Cəmiyyətinin könüllü üzvü Məsumə Ağazadə zəlzələdən zərər çəkənlərə yardım məqsədilə təbii fəlakət bölgəsinə getmişdi. Sulduzlu soydaşımız zəlzələ bölgəsindən qayıdarkən yol qəzasında dünyasını dəyişib. Məsumə Ağazadə təbii fəlakətdən zərər çəkən soydaşlarımıza yardım çatdırmaqda xüsusi canfəşanlıq göstərib. Qeyd edək ki, bundan öncə də zəlzələ bölgəsinə yardıma gedən daha iki soydaşımız (Məhəmməd Urmulu və doktor Əmir Məhəmməd Rəhmanpur) yol qəzasında dünyalarını dəyişiblər.

Təbrizli deputat narazıdır

Təbriz şəhərini İran parlamentində təmsil edən millət vəkili Rza Rəhmani bildirib ki, zəlzələyə məruz qalan kəndlərdə dağıntıların təmizlənməsi prosesi çox ağır gedir. O deyib ki, bu laqeydlik dövlətə yaraşmır və əhali qeyri-müəyyən vəziyyətdədir: «Zəlzələ bölgəsində yenidənqurma işlərilə bağlı verilən bütün vədlərə rəğmən təəssüflər olsun ki, dağılmış yerlər təmizlənərkən ciddi bir iradə müşahidə olunmur». Rza Rəhmani vurğulayıb ki, baş çəkdiyi kəndlərdə texnika çatışmır: «Əgər belə gedərsə, yenidənqurma işləri qış fəslinədək tamamlanmayacaq. Dövlətin kəndlərdə nümayəndəsinin olmaması, çadırların kifayət qədər olmaması, hamam və tualet problemi və s. kimi məsələlər zəlzələdən zərər çəkənlərə əziyyət verir».

Şot şəhər şurasının sədri həbs olunub

Güney Azərbaycanın Şot şəhərində şəhər şurasının sədri Hüseyn Həmzəlu həbs olunub. Soydaşımız pantürkizm və separatçı qrupların xeyrinə təbliğat aparmaqda günahlandırılıb. Onun həbs xəbəri bütün Makuda yayılıb və ciddi marağa səbəb olub. Məlumata görə, Hüseyn Həmzəlu avqustun 25-də tutulub. Hələlik onun harada saxlanılması ilə bağlı heç bir məlumat yoxdur.

Sənci kəndində sel faciəsi

Güney Azərbaycanda (İranın Qərbi Azərbaycan vilayəti) sel və daşqınlar nəticəsində Sənci kəndində bir ailənin dörd üzvü həlak olub. Məlumata əsasən, sentyabrın 3-də gecə saatlarında baş vermiş sel Urmiya, Qoşaçay, Çaldıran və Xoy şəhərlərində yolların, 9 kənddə evlərin dağılmasına, elektrik dirəklərinin aşmasına səbəb olub, eləcə də əkin sahələrinə güclü ziyan vurub.
Bu xəbər oxucular tərəfindən 1308 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed