Şrift:
Avropa Yəhudi Assosiasiyası Almaniyada nasist hərracının keçirilməsinə etiraz edib
21.11.2019 [11:17] - Siyasət
Avropa Yəhudi Assosiasiyası (EJA) Almaniyada Adolf Hitlerin rəfiqəsi Yeva Braunun paltarlarının və şəxsi əşyalarının hərracının keçirilməsinə etiraz edib. EJA-nın bəyanatında bu əşyaların heç bir tarixi dəyərinin olmadığı və nasizm ideologiyasını təbliğ edən adamlar tərəfindən satın alındığı qeyd olunub. Qeyd edilib ki, hərracda gümüşlə cildlənmiş Hitlerin “Mayn Kampf” kitabı da olub. Yeva Braunun gümüşdən olan poçt qutusu 10 min 500 avroya, Hitlerin gümüş çərçivədə və avtoqrafı olan fotoşəkli isə 46 min dollara satılıb.
EJA-nın sədri, ravvin Menahem Marqolin Almaniyanın siyasi liderlərinə ünvanladığı məktubda öz narahatlığını ifadə edib. O qeyd edib ki, “hərrac nasistləri təbliğ etmək, onlara simpatiyasını göstərmək istəyənlər üçün fürsət olub”. Ravvin əlavə edib: “Mən başa düşürəm ki, nasist xatirə əşyalarını almaq və satmaq qeyri-qanuni deyil. Mənim müraciətim də hüquqa əsaslanmır. Amma mənəviyyat çox mühümdür. Bu, yanlışdır”.
Hərrac Evinin direktoru Bernhard Paçer DPA informasiya agentliyinə müsahibəsində deyib: “Bizim hərracda iştirak edən müştərilər muzeylər, şəxsi kolleksiya sahibləridir və biz onlara hər cür qədim əşyalar təklif edirik”. O əlavə edib ki, yəhudi icmasının həssaslığı baxımından bu əşyaların hərracında “yanlış adamların” iştirak etməməsinə diqqət yetirilir. Adolf Hitlerin məktubları da daxil olmaqla şəxsi əşyalarının satışa çıxarıldığı daha bir hərrac Münxen şəhərində keçirilib.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 291 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed