Şrift:
Ozanlar ozanı Qulunclu Dədə Katib
22.11.2019 [23:13] - Gündəm
Güney Azərbaycan milli məfkurə savaşında aşıqların xüsusi rolu var. Rza Pəhləvi və Məhəmmədrza Pəhləvi xanədanlığının 50 illik irtica rejimi belə, Güney Azərbaycanda aşıqları susdura bilməmişdir. Demək olar ki, Güney Azərbaycan aşıqları həyatı boyunca əyinlərində kəfən yaşamışlar. Belə bir tale dünyanın heç bir xalqında öz milli kimliyini və mədəniyyətini qorumaq üçün əynində kəfən milli mücadilə aparan sənətkara rast gəlinməmişdir. Təbriz-Urmu, Muğan- Zəngan, Həmədan-Savə, Qəzvin-Kərəc aşıq məktəblərinin məsuliyyətini öz çiyinlərində daşıyan ozanlarımız məhz belə bir iradənin sahibi olublar. Bu aşıq məktəbləri eləcə də Quzey İraqda türkman aşıqları, Xorasanda türkmən aşıqları üçün də böyük bir örnək olubdur. Urmu aşıqlarının ifaçılıq tərzi, söz söyləmək, sazın sehrində milli məfkurəni sevdirmək digər aşıq məktəblərimizdə etiraf etmək lazımdır ki, qismən zəifdir. Bunu Təbriz, Urmu, Sulduz, Səlmas, Xoy, Qoşaçay, Əhər, Meşkin, Ələmdar, Zəngan, Savə, Qum, Həmədan aşıqlarını dinləməklə də təyin etmək çox asandır. Dollu Mustafa, Balovlu Miskin, Vərdanlı Aşıq Manaf, Məhbub, Keçinli Aşıq Səməd, Qulunclu Aşıq Zəkəriyyə, Aşıq Baxşəli, Aşıq Dehqan, Aşıq Bulud, Aşıq İsməli, Aşıq Əli Qara Ağaclı, Aşıq Nabat Əli, Qulunculu Dədə Katib, Şəkəryazılı Aşıq Bəhlul, Purazər, Aşıq Dərviş Vahabzadə, Aşıq Fərhad və digər azman sənətkarlarımızın həyat və yaradıcılığı buna böyük bir örnəkdir. Onların ifa etdikləri Urmu Gözəlləməsi, Urmu Qarabağısı, Osmanlı şərqisi, Qürbəti, Araz basdı, Göycə gözəlləməsi, Taciri, Bəhməni, Ovçu gəraylısı, Həmədan gəraylısı, Sulduz, Şəkəryazı, Kəsmə divan, Qars, Gəraynı, Gülşəni, Paşam köçdü, Tərəkəmə gözəlləməsi, Duraxanı, Xoy Əmrahısı, Kəsmə Kərəm, Zarıncı, Misri, Hərbi və onlarca digər aşıq havalarının hər biri söz-saz savaşı olmuşdur.
Bu böyük ozan məktəbinin ən ünlü nümayəndələrindən biri də Dədə Katibdir. Dədə Katib 84 illik həyatında heç bir rejimdən qorxmayaraq, daim milli mücadilənin önündə getmişdir. 60 ildən çox əlində saz el-el, oba-oba gəzərək Güney Azərbaycan, Kərkük, Anadolu və Xorasanda ortaq türk dili, mədəni və uzlaşma dəyərlərini təbliğ etmişdir. Onun hər bir şeiri milli məfkurə silahı hesab olunurdu. Çoxlu şəyirdlər də yetişdirmişdi. Bu ulu ozanın məktəbində yetişən onlarla aşıqlarımız bu gün Güney Azərbayacanda, Anadoluda və Xorasanda onun davamçıları hesab olunurlar.
Güney Azərbaycanda və Türkiyədə şair və aşıq kimi şöhrət qazanmış Qulunclu Dədə Katib (əsil adı Əbdülrəhman Təyyardır) 84 il yaşamışdır. Ömrünün böyük hissəsini Azərbaycan türkcəsinin və ədəbiyyatının, aşıq sənətinin inkişafına həsr etmişdir. Qulunclu Dədə Katib xüsusilə Urmu vilayətində milli məfkurənin inkişaf etməsində, milli kimliyə bağlı olmaq kimi ali dəyərlərə bütün şüurulu ömrünü həsr etmişdi. Onun dəfn mərasimi belə Güney Azərbaycanda ən izdihamlı mitinqlərdən birinə çevrilmişdi. Təbriz, Həmədan, Zəngan, Kərəc, Qəzvin, Ərdəbil, Əhər, Meşkin, Məşhəd, Qum, Savə, Maku, Mərənd, Culfa, Səlmas, Sulduz, Xoy, Şəbüstər, Ələmdar, Qoşaçay, Miyanə və Güney Azərbaycanın digər şəhərlərindən şairlər, yazıçılar, aşıqlar, tədqiqatçılar, eləcə də onun şeirlərinin heyranları da iştirak etmişdilər. Türkiyədən Dədə Katib şeirini sevənlərin qatılması bu mərasimi daha da möhtəşəm etmişdi. Mərasimdə hətta Urmu vilayətinin millət vəkilləri Seyid Süleyman Zakir və Nadir Qazipur, Urmu şəhər şurasının sədri Məhəmmməd Həzrətpur və başqaları mərhumun ədəbi fəaliyyəti və Türk dilinin inkişafı uğrunda apardığı fəaliyyəti barədə çıxış etdilər. Dədə Katibin Beynəlxalq Ana Dili Günündə vəfat etdiyini nəzərə alan Urmu ETTELAAT idarəsi dəfnə gələnlərin sayını məhdudlaşdırmaq üçün hətta ustad şairin cənazəsinin xəstəxanadan birbaşa doğulduğu kəndə aparılıb təcili basdırılması üçün Quluncu kənd şurasına təzyiqlər də göstərərək şairsevərlərin kəndə axınına mane olmuşdu.
Azərbaycan və Anadolu Türkləri arasında dillər əzbəri olan, 60 ildən artıq ağızdan-ağıza gəzən şerləri ilə İranda yasaq olan dilimizi yaşadan xalq şairi idi Dədə Katib. Bütün basqılara baxmayaraq onun dəfn törəninə 10 mindən çox insan qatılmışdı. Sonrakı günlərdə isə bu məşhur xalq şairinin təkcə Güney Azərbaycanda deyil, eləcə də Türkiyədə də anma törənləri keçirildi. Dörd yüz mindən çox sayı olan məşhur Kürəsənli elatının mənəvi liderinə olan sayğının nəticəsi olaraq bu coşqulu anım töprənləri böyük bir milli bütünlük anlamının aynasına çevrildi. Uzun illər idi ki, Xorasan Türkmənləri, İraq Türkmanları, Güney Azərbaycan və Anadolu Türkləri beləcə ortaq anlamda mənəvi bütünlük adına birgə addımlamırdılar. Dədə Katib öz ölümü ilə də belə, dünya türklərinin milli bütünlüyünə xidmət etdi. O, sağlığında ən ünlü şairlərdən biri kimi qazandığı şöhrətinə görə hər yerdə sevilirdi. Onun şeirləri həm Güney Azərbaycanda, həm də Anadoluda bütün aşıqların dilinin əzbəri olmuşdu. Dədə Katib Urmu Aşıq Məktəbinin ən nəhəng ustadı hesab olunurdu. Kars, Konya, Ərzurum, Qars, İqdır, Bolu, Van, Karasu, Qaziantep, Ankarada elə bir aşıq yoxdur ki, onun şeirlərini məclislərin bəzəyinə çevirməsin. Dədə Katibin sağlığında "İncili sədəf", "Urmu Gölü" və "Günümüz aydın" adlı üç şer kitabı nəşr olunmuşdur. Ölümündən sonra uzun illər ərzində yazmış olduğu "Mövludnamə" adlı əsəri də işıq üzü görmüşdür.


Türkəm, Türkün oğluyam.

Yaradanın qüdrətinə çox şükür
İstəyib yaradıb insan oğlunu.
Yurdumu sevirəm,soyumu danmam,
Türkəm, türkün oğluyam mən.

Sevirəm yurdumun qoç oglanların,
Üstün şairlərin, xoş dastanların.
Savaş meydanında qəhrəmanların,
Uğrunda baş verən qurban oğluyam.

Haqq aşığı haqdan alar payını,
Hədər getməz, bilər ömrün sayını.
Qovalaram yurdumuzdan xaini,
Tülküdən qorxmaram, aslan oğluyam.

Tərpənir könlümdə doğru duyğular,
Qoymam yurdumuza qonsun bayquşlar.
Məni qorxutmaz hər kiçik sular,
Dalğalı dənizdə tufan oğluyam.

Dədə Katib Vətən eşqi canımda,
Qeyrət damarımda, isti qanımda.
Ölüncə durmuşam düz peymanında,
Türkəm, türkün oğluyam mən.


Türklük şərqiləri

Əsil Türk oğluyuq, iç oğuz xanlı,
Qoçaq Nəbi, Babək, Bayandır xanlı.
Vətən uğrunda qorxmaz, imanlı,
Savaş meydanında bir qaplanıq biz.

Dünya boyu vurulmamış vurmuşuq,
Soyumuzda biz yılmazca durmuşuq.
Onsəkkiz imperiyanı biz qurmuşuq,
Geri dönməz bir mərdi meydanıq biz.

Azərbaycanlıyıq bilsin dünyalar,
Dənizlər qaralar, yerlər, havalar.
Gurultu salarıq qorxar dəryalar,
Dağlar zirvəsində bir dumanıq biz.

Dədə Katib doğru yoldan çıxmayıq,
Heç kimsəyə fəna gözlə baxmarıq.
Doğru Türkük, yaxmasalar, yaxmarıq,
Hər zaman Türklüyü qoruyarıq biz.


Dedilər

Ariflərdən sordum dünya halını,
“Azad quşa bir qəfəsdir” dedilər.
Ömrün etibarın sual eylədim,
Gedər gəlməz bir nəfəsdir, dedilər.

Dedim bir sərmayə, bir də səadət,
Dedilər xoş əxlaq, bir də qənaət.
Dedim şöhrət üçün olsa ibadət,
Arif deyil, bir həvəsdir, dedilər.

Dedim dünya malı? Dedilər ibrət,
Dedim bəs gənclik? Dedilər fürsət.
Dedim bəs qocalıq? Dedilər həsrət,
Ömrün payız yeli, əsdi dedilər.

Dədə Katib qəm nahalın qəm əkə,
Qəm xırmanı qəm ambara qəm tökə.
Ömrün süfrəsindən bir neçə tikə,
Yedim, doymamışdan bəsdir, dedilər.


Xəbərin varmı

Gecə gündüz xalqa irad edənlər,
Heç özün özündən xəbərin varmı?
Qonşunun gözündə qılı görənlər,
Bir bax öz gözündən xəbərin varmı?

Mömin qardaş! Heç bilirsən nə edirsən?
İşin budur xalqın eybin güdürsən.
Beş qədəmdən dördün əyri gedirsən,
Bir dön bax izindən, xəbərin varmı?

Haram maldan faxır libas geyirsən,
Ağız silmək nədir, murdar yeyirsən.
Aşığın sazına haram deyirsən,
Öz saxta sazından xəbərin varmı?

Dədə Katib, sən də bir bil hesabın,
Düz əməlin azdır, çoxdur xarabın.
Qorx o gündən oxunacaq kitabın,
Dediyin sözündən xəbərin varmı?



Nəsihət

İnsan oğlu məğrur olma beş günə,
Beş gün sona çatar, dövran dönər ha!
Demə boyum uca, qolum güclüdür,
Yükün ağırlanar, belin sınar ha!

Həqiqət yükünün altından qaçma,
İnsan ol, insanlıq həddindən aşma.
Özündən zəifə çox əsib coşma,
Qazan çox qaynasa dibi yanar ha!

Uca uçma, demə mən qanadlıyam,
Məxmər döşək üstə yeddi qatlıyam.
Piyadaya gülmə, demə atlıyam,
Növbə yetər, day babanı minər ha!

Dədə Katib, kim kam alıb cahandan?
Ağlı olan ibrət alar zamandan.
Sağlığında fayda götür təvandan,
Əcəl quşu köksün üstə minər ha!


Özgə dil yaraşmaz bizə

Gəl yoldaş öz dilimizdə danışaq,
Özgə dili dilimizə qatmayaq.
Türkcədə söyləyək hər nəyin adın,
Dədə- baba yolumuzu atmayaq.
Çox gözəllik vardır bizim ellərdə,
Yazılar yazılıb, vardır əllərdə.
Babalardan qalıq, qalıb dillərdə,
Ölüb getsək, elimizi atmayaq.

Unutmayaq yurdumuzun əməyin,
Süsləndirək ölkəmizin çiçəyin.
Bərkidək öz evimizin dirəyin,
Yabancıya sözümüzu satmayaq.

Dədə Katib dəyərlidir dilimiz,
Adlı soyumuz var, güclü qolumuz.
Əskidən tutmuşuq, düzdür yolumuz,
Ayıq gedək yolumuzu yatmayaq.
Bu xəbər oxucular tərəfindən 690 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed