Şrift:
Şirinxanım Kərimbəyli Şadiman: DÜŞMƏN DƏYİRMANINA SU TÖKƏNLƏR.
10.09.2012 [12:06] - Gündəm, DAVAMın yazıları
GÖZLƏNİLMƏZ XƏBƏR
Ramil Səfərovun Macarıstan məhbəsindən qəfil qurtulması xəbəri aləmə car olan kimi, nəinki öz insanlarımız arasında, hətta dünya səviyyəsində kütləvi xəbər birliklərində səs-səda qopdu. Əminəm ki, bu torpağın çörəyini yeyib suyunu içən, milliyyətindən asılı olmayaraq ruhunda azərbaycançılığı hiss edən hər bir kəs bu gözlənilməz azadlığa sevindi. Elə bil insanlarımızın içində öləziyən ümid çırağı bir günün içində işıq saçmağa başladı. Düzün sözü bu müjdəni internetdən alanda, əvvəl heç inanmadım, yəni inanmağım gəlmədi. Ömürlük həbs cəzası almış zabitimiz necə azad ola bilər? Bu mümkündürmü? Axı bu günə qədər bütün dünya birlikləri bizə qarşı çıxıb, evlərimiz uçub, yurdlarımız, obalarımız xaraba qalıb, ellərimiz ocaqlarından uzaq düşüb, dünya susub, qadınlarımızın, analarımızın, bacılarımızın namusu tapdalanıb, körpələrimiz süngülərə keçirilib, dünya susub. İki yüz ildi bu yerlərdə türk-müsəlman qanı tökülür, bizi yerli-dibli yox etmək istəyirlər, varlığımızdan döndərmək istəyirlər. Dünya birlikləri bu biabırçılıqlara susur, dinmir. Əlimizi, dilimizi tərpədib bir söz demək istəyəndə, haqqımız uğrunda iş görmək istəyəndə bizə terrorçu deyirlər. Halbuki, terrorun əsasını qoyanlar xristian dövlətlər olub. Ötən əsrin 20-ci illərində qan-qırğın üzərində İrəvan mahalı ərazisində rus istilaçılarının hesabına terrorçu Ermənistan yaradıldı, dünya xaçpərəst birlikləri bu dövlətin qanlar üstündə bərqərar olmasına rəvac verdilər. Ancaq məsələyə çox dərindən varanda biz xaçpərəstlərin hisslərini də, demokratiyasını da, demokratiya adı altında gedilən gedişlərini də başa düşürük. Bu yaxınlarda yetmişdən çox insanı həyatdan mərhum edən və neçələrini yaralayan norveçli Anders Breyvik adlı xristian qatil dəmir barmaqlıqlar arxasından törətdiyi kütləvi qətliamdan peşiman olmadığını dönə-dönə etiraf edir, və bu qərara tam şüurlu sürətdə gəldiyini dilə gətirir. Amma bu terrorçuya cəmi 20 il iş kəsdilər. Niyə görə, çünki o xaçpərəstdir. Müsəlman aləminə başdan-başa terrorçu kimi baxan inkişaf etmiş ölkələrin xristian birlikləri niyə bu dəhşətə susdular? Bəs görəsən bu düşüncə xaçpərst ölkələri hara aparır? Qana, qırğına, dini düşmənçiliklərə… Onlar bu dar düşüncə tərzi ilə dünya ilə nə etmək istəyirlər? Avropada ağıllı başlar yenə etiraf etməyə başlayıblar ki, irqi-ayrıseçkiklik günbəgün onların məkanlarında alovlanmağa başlayıb. Bunun qarşısı alınmasa sonrakı illər çox dəhşətli hadisələr baş verə bilər…
RAMİLİN HƏBSİ VƏ QAYIDIŞI
Ramil Səfərov zabitdir, ölkəmizi NATO-nun apardığı hərbi təlimlərdə təmsil edirdi. O, hərbçi olmaqçın, bayrağımıza and içib, bu andın məsuliyyətini kişilərimiz yəqin ki, biz qadınlardan daha artıq dərk edir. Düşmən öz iç üzünü yad ölkədə də göstərib, zabitimizin gözləri qarşısında bayrağımızı təhqir edib və onu bu qanı tökməyə məcbur edib. Bəs görən Ramil özü hansı bölgəmizdəndir? O, 20 il işğal altında inləyən Cəbrayıldandır. Onun yaşadığı yurd işğal altındadır, o torpaqda onun əzizləri, yurddaşları qətlə yetirilib, bir çoxları erməni əsirliyində çürüyür. Düşmən zabiti özünü qalib hesab edir, məğlub ölkənin zabitinin gözü qarşısında onun bayrağını təhqir edir, bəlkə o məqamda Ramil sussaydı, o anı düşmən tərəf çəkib internetdə yayımlasaydı, yağı dəyirmanına su tökən “demokrat” yazarlarımız onda görən nələri söyləyərdi?!... Onun düşdüyü bu durumdan anası dərdə batdı, balasının başına gələn müsibətə dözməyib dünyasını dəyişdi. Artıq zabitimiz həbsdən azad olub, Ölkə Başçısı səviyyəsində onun çəkdiyi doqquz illik əzablara son qoyulub, bu bizim ermənilərin üstündə psixoloji qələbəmizdir. Haylar bizi bugün terrorla hədələsələr də özləri ağır vəziyyətdədirlər. Quzey Azərbaycanı inkişafdadır, onun ordusu, silah-sursatı var. Bu Vətən, kim nə söyləyir söyləsin 20 il qabaqkı deyil, onun inkişafını dünya birlikləri etiraf edir. Biz Ramil Səfərovun azadlığa çıxması ilə düşmən üzərində qələbənin birinci addımını çox uğurla atdıq. Sakit, səssiz və dünyanı təəccübləndirən bir KİŞİLİKLƏ!!!
Ramil Səfərovun atdığı addım bizim dilimizi bağlayan dünya birliklərinə sərt mesaj idi. Biz varıq, bizim haqqımızı nə qədər tapdalasanızda biz özümüzə gəlib tökülən qanların əvəzini yağıdan çıxacağıq. Dünya məğlubu sevmir, aciz millətlər, aciz xalqlar, aciz dövlətlər, ancaq canını və qarnını qoruyan xalqlar gec-tez yer üzündən əriyib gedir. Bizi də 200 ildi əritmək istədilər, amma bacarmadılar. Biz qırıla-qırıla, soyqırımlarına məruz qala-qala yenidən dikəldik, varlığımızı bizi tanımaq istəməyənlərə bəyan etdik. Vətənsevərlərin gözündə Ramil Səfərov Azərbaycanın Milli Qəhrəmanıdır. Varlığımızı dünyaya bəyan edən, haqsızlıqlara, imansızlıqlara yox deyən başıbəlalı Vətənin Qəhrəmanı!
ƏDƏBİ DÜŞÜNCƏ SAHİBİ
Ramil Səfərov məhbəsdə olduğu zaman macar dilini mənimsədi. Macar xalqının ədəbiyyatından nümunələri bizim dilə çevirdi. Bu gün də o bu işini hərbi sahəsi ilə bahəm davam etdirsə, tərcümə ədəbiyyatına böyük töhfələr vermiş olar. Görəsən içində qatilik hissləri olan bir şəxs belə bir addım ata bilərdimi? O, bu gün AYB-nin üzvüdü, ona bu yolda ədəbi uğurlar arzulayıram.
BİZ NİYƏ QORXURUQ?
Atalarımızın bir məsəli var: «İslanmışın yağışdan nə qorxusu?» Bizim ruhumuzu kifayət qədər tökülən qanlarımızla islatdılar. Dondurulmuş müharibə, işğal altında olan torpaqlar bizi yuxuya getməməyə çağırır. Bu gün paytaxta yığışıb buranı özünə təhlükəsiz sığınacaq sananlar anlamalıdırlar ki, bu müvəqqəti təhlükəsizlikdir. Biz gücümüzü yağıya göstərməliyik. Əks təqdirdə bu qanlar bir müddətdən sonra növbəti torpaqlarımızda axacaq. Ona görə bizim geri çəkilməyə yolumuz yoxdu. Heç bir dövlət qansız, qadasız istiqlala qovuşmayıb. Ruslar bizə sovetlər zamanı şirin köləlik bəxş etmişdilər, indi biz kövrək müstəqiliyə sahib olmuşuq. Onun sınıb tökülməməsi üçün nəyin bahasına olursa olsun, torpaqları işğaldan azad etməliyik, bizim geriyə yolumuz yoxdu…
VƏTƏNDAŞ OLMAQ HÜNƏR TƏLƏB EDİR…
İndi qayıdaq adını jurnalist, yazıçı, yazar qoyub digərlərinə yuxarıdan aşağı baxan genlərinin haradan qaynaqlandığı məlum olmayan bir çox söz adamlarının üstünə… Yuxarda qeyd etdiyimiz kimi biz xaçpərəst birliklərini də, onların insanlarının bir-birinə qarşı olan təəssübkeşliyini başa düşürük, amma bizi təəccüb və heyrət içində qoyan bəzi yazar soydaşlarımızın məsələyə Avropa insanı sayağı düşüncə ilə yanaşmasıdır, yəni belə görünür ki, bu yazar soydaşlarımız bizdən çox-çox mədənidir və bu baxımdan da sözün əsli mənasında irəli gediblər. Yazılarında zabitimizin cinayətkar olduğunu və insan həyatına son qoyduğu üçün ömürlük məhbəsdən çıxmamasını arzulayanlar hansı məfkurəyə xidmətdədirlər, bunu onların özləri və bir də Allah bilir. Bununla da onlar azad düşüncə sahibi kimi özlərini bizlərdən çox-çox zirvədə görürlər. 8 mart 2011-ci ildə Ağdamın Orta Qərvənd kəndində öz evlərinin həyətində oynayan 9 yaşlı Fariz Bədəlovu erməni cəlladı snayper tüfəngi ilə qəsdən vurdu. Bəs o görmürdü ki, onun nişanında uşağdır? Niyə buna dünya səs vermədi və onu qatil adlandırmadı? Ramil Səfərova cinayətkar-qatil adı ruslar qoyublar və öz mediyalarında onu səsləndiriblər. Bilmək lazımdır ki, ruslar bizim dostumuz deyil, bütün bu ağrılar bizə ruslardan ermənilərin vasitəsi ilə gəlir. Bizimkilərdən kim ki, bu anlamda rus-erməni qansızları ilə bir xorda oxuyur, onları heç azərbaycanlı da saymaq olmaz.
Türkiyədə, Güneyli-Quzeyli Azərbaycanda az-az ailələr tapılar ki, ermənilərin törətdiyi soyqırımın dəhşətlərindən keçməmiş olsunlar. Rəhmətlik ana nənəm bizə nəql edərdi ki, Siyəzəni, doğulduğum Tağay kəndini gavurlar (o, erməniləri gavur adlandırırdı) xaraba qoymuşdu.1918-ci il qırğınlarında onun bələkdə olan qızını- Məryəm xalamı, qaça-qaçda qucağından qəfil yerə düşən körpəni ermənilər (kənd adamları o vəhşətləri qaça-qaç günləri təki yad edirdilər) oda atıb yandırmışdılar. Nənəm o günləri dünyasını dəyişənə qədər dəhşətlə yad edib xilasa gələn türk əsgərlərinin ruhuna dualar oxuyurdu.
Ağdamın Orta Qərvənd kənd sakini 9 yaşlı Fariz Bədəlov ermənilər tərəfindən qətilə yetiriləndə, mən bir dəstə yazar qadınla faciənin baş verdiyi kəndə getmişdim. Erməni vəhşilərindən 300 metr aralıda yerləşən bu kənd hər gün güllər altındadır. Sakinlər orda yalnız gecələr iş görə bilirlər. Kənd evləri erməni güllələrindən dəlik-deşikdi. Bütün işğal olunmuş torpaqlarımızla yaxın ərazidə yaşıyan insanlar sitəm içindədir. Bu bir-iki gün deyil düz iyirmi ildi. Mən orda gördüklərimdən dəhşətə gəlmişdim. Ağdam bölgəsindən qayıdandan sonra hələ də əsəblərimi ələ ala bilmirəm. Bu gün Bakıya yığışıb əlinə qələm götürüb özünü yazar qismində görən və erməni təəssübü çəkən, qəhrəmanlığa “ayrı nöqteyi-nəzərdən” baxan bu insanlar nə olar bir gedib cəbhə bölgələrimizdəki insanlarımızın səksəkəli həyatıyla maraqlansınlar. Sonra öz ölümünə özü bais olmuş erməni zabitinin dərdini çəksinlər…
Ramil Səfərov məhbəsdə olana qədər biz hamımız iqtidarlı-müxalifli onun düşdüyü duruma yanırdıq, zabitimizin ordan xilası haqqında uzun-uzadı sosial şəbəkələrdə dərdləşirdik. İndi Ramil balamız azadlıqdadır, biz onun sağlığını qorumalıyıq və bu coşğuyla torpaqlarımızın işğaldan azad olması təbilini çalmalıyıq. Bu gün özunü yazar bilib başqalarına yuxarıdan aşağı baxan bəzi qələm əhli, hətta Vətən mövzusunda yazılan şeirlərə dodaq büzür, vallahi-billahi vətəndən yazanlar onu istəkdən yazır, hansı səviyyədə olursa-olsun bu torpaq sevgisindən, yurd sevgisindən irəli gəlir. Qaldı kim arxivlərdə itib batacaq onu zaman göstərəcək…Biz bu gün Ramil Səfərovun qurtuluş gününü Öndə bizi gözləyən düşmən üzərində qələbə günü ilə tamamlamalıyıq, çünki bu iki amil bir-biriylə sıx bağlıdır.
Sonda erməni dəyirmanına su tökən bəzi qələm əhlinə ərz etmək istəyirik ki, heç yağı da öz millətinə, soyuna-kökünə xor baxanları sevmir. Bu gün ermənilər nə qədər atdanıb-düşsələr də yəqin ki, Ramilin atdığı addıma ürəklərində paxıllıqları tutur, çünki özləri o mərtəbəyə heç vaxt qalxa bilməyiblər və qalxa bilməzlər.
Hansısa titulları almaqdan ötrü, yad ölkələrin qrantları ilə dolanmaq üçün milli qayəni ayaqlar altına salıb tapdalamaq olmaz. Belə olan təqdirdə bunun bir adı var: DÜŞMƏN DƏYİRMANINA SU TÖKMƏK…

09.09.2012
Şirinxanım Kərimbəyli Şadiman


Bu xəbər oxucular tərəfindən 2060 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed