Şrift:
İranda dünən axşam baş verən zəlzələni Azərbaycandakı stansiyalar 13 saat əvvəldən qeyd edib
11.09.2012 [10:17] - Gündəm, Hadisə
İranın şərqində dünən 20:30-da 3,9 bal gücündə baş verən zəlzələni Azərbaycanda zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən stansiyalar 13 saat əvvəldən qeyd etməyə başlayıblar. Bunu çərşənbə axşamı Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev deyib.
O, bildirib ki, dünən səhər saat 7:00-dan Şirvan, Siyəzən və Xəzər dənizindəki Qum stansiyaları zəlzələnin olacağını göstərirdi. Əliyev bu stansiyaların məlumatları düzgün qeyd etdiyini nəzərə çatdırıb.
İnstitut direktorunun sözlərinə görə, zəlzələnin elə də güclü olmayacağı təxmin edilsə də, onun koordinatlarını müəyyənləşdirmək mümkün olmayıb.
Əliyev bildirib ki, bu stansiyaların layihəsi və nəzəriyyəsi Kibernetika İnstitutunun alimlərinə məxsusdur. Stansiya Azərbaycanda alimlər tərəfindən eksperiment məqsədilə hazırlanıb. Bu stansiyalar tam özünü doğrultduqdan sonra daha təkmil formasının hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, dünən Kibernetika İnstitutundan zəlzələ gözlənildiyi bildirilmişdi. Amma əhalinin təşvişə düşməməsi üçün bu barədə məlumatı yaymamışdıq.
Bu xəbər oxucular tərəfindən 1584 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed