Şrift:
Ilham Əliyev və Rəcəb Tayib Ərdoğan Birgə mətbuat konfrı keçirib
12.09.2012 [11:27] - Gündəm
Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə baş naziri Rəcəb Teyyub Ərdoğanın sentyabrın 11-də Qəbələdə keçirdiyi birgə mətbuat konfransında deyilənlərdən bəzi məqamları təqdim edirik.

İlham Əliyevin bəyanatından

- Biz bu gün siyasi vəziyyətlə, dünyada gedən proseslərlə bağlı həm təkbətək görüşdə, həm geniş tərkibdəki görüşdə danışdıq, fikir mübadiləsi apardıq. Bizim ölkələr bütün sahələrdə və bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Bu gün görülmüş işlər haqqında nazirlər bizə məlumat verdilər və gələcəkdə birgə fəaliyyət haqqında yeni təşəbbüslər müzakirə edildi. Biz bütün beynəlxalq təşkilatlarda vahid mövqedən yanaşırıq, bir-birimizi dəstəkləyirik və bu dəstək bizim üçün, bölgə üçün, dünya üçün çox önəmlidir.

Dağlıq Qarabağ münaqişəsinin nəticələrini və danışıqlarda göstərilən səyləri müzakirə etdik. Danışıqların son durumu haqqında mən əziz qardaşıma məlumat verdim. Bildiyiniz kimi, Azərbaycana qarşı ədalətsizlik və işğal siyasəti hələ də davam edir. Beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən bölgələr iyirmi ildir ki, erməni işğalçıları tərəfindən işğal edilib. Bütün beynəlxalq hüquq normaları, ədalət pozulub, tarixi ədalət pozulub. Biz çalışırıq ki, məsələnin sülh yolu ilə həllinə nail olaq. Ancaq Ermənistanın qeyri-konstruktiv və riyakar fəaliyyəti buna imkan vermir. Azərbaycanın mövqeyi birmənalıdır: beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və məsələ yalnız ərazi bütövlüyü prinsipi əsasında öz həllini tapa bilər.

Rəcəb Teyyub Ərdoğanın bəyanatından

- Bu gün istər siyasi, istər hərbi, istər mədəni, istər iqtisadi sahədə həqiqətən çox önəmli məsələləri müzakirə etdik. Həm ikitərəfli görüş keçirdik, həm də nazir yoldaşlarımız öz aralarında görüşlər keçirdilər. Bildiyiniz kimi, enerji sahəsində atdığımız çox önəmli addımlar var. Bununla bağlı əlaqədar nazir yoldaşlarımız yenə də bir-biriləri ilə görüş keçirdilər.

Bizim bu toplantımız iki ölkə arasında Nazirlər Kabinetinin birgə iclası kimidir. Nazirlər Kabineti toplantımızı prezidentimizlə birlikdə keçirmiş olduq. Gələcəkdə nələr edə biləcəyimizi, nə kimi addımlar ata biləcəyimizi müzakirə etdik.

Bizim ölkələr arasındakı ikitərəfli əlaqələr belə isti ikən, həm də təbii ki, beynəlxalq mənada, bütün beynəlxalq qurumlardakı həmrəyliyimiz həqiqətən örnək təşkil edə biləcək bir səviyyədədir. Hazırda, bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olaraq Azərbaycanın xidmət etməsi bizlər üçün çox böyük önəm daşıyır. Arzu edirəm ki, inşallah, Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı missiyası başa çatdıqdan sonra, - 2015-2016-cı illərdə də Türkiyə bu quruma namizəddir, - təkrar Türkiyənin orada qeyri-daimi üzv kimi xidmətə başlaması da bizim bu həmrəyliyimizi artıraraq yolumuza davam etməyimizi təmin edəcək.

Jurnalistlərin suallarına cavablar

Anadolu Agentliyinin müxbiri Həsən Öyməz: Mən cənab prezidentə bir sual vermək istəyirəm. İki ölkə arasındakı əməkdaşlığın getdikcə sürətləndiyi bir mərhələdəyik. Bu əməkdaşlığı Türkiyə Respublikası vətəndaşlarına sərhəddə viza tətbiq olunmasının tamamilə aradan qaldırılması şəklində zirvəyə çatdırılması istiqamətində bir fəaliyyətiniz varmı? Sizdən bir müjdə ala bilərikmi?

İlham Əliyev: Qeyd etdiyiniz kimi, əlaqələrimiz çoxşaxəlidir. Bütün sahələri əhatə edir. Biz çalışırıq ki, bütün sahələrdə bütün məsələləri həll edək və zamanında həll edək.

Viza məsələlərinə gəldikdə, siz yaxşı bilirsiniz ki, bir müddət bundan əvvəl Türkiyə dövləti bütün türkdilli dövlətlərin vətəndaşlarına qarşı viza rejimini ləğv etdi. Beləliklə, bütün türkdilli dövlətlərin vətəndaşları Türkiyəyə sərbəst gedə bilərlər və bu qərara görə biz çox minnətdarıq. O ki qaldı Azərbaycana, bu məsələ bu gün müzakirə edildi. Qərar qəbul edildi ki, bu məsələyə biz tədricən nail olaq. Müəyyən kateqoriya insanlar - iş adamları, elm adamları, tanınmış şəxslər var ki, onların gəliş-gedişi üçün daha da asan rejim tətbiq oluna bilər. Bütövlükdə isə bizim müəyyən mexanizmlərimiz, daxili prosedurlarımız hələ tamamlanmayıb. Bu prosedurlar tamamlanandan sonra əlbəttə ki, Türkiyə vətəndaşları da Azərbaycana vizasız gələ bilərlər. Biz bu məsələ üzərində işləyirik. Bu məsələ müzakirə edildi. Türkiyə tərəfi bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini anlayır. Biz birgə səylərlə məsələnin həlli yolunda önəmli addımları atacağıq.

İctimai Televiziyanın müxbiri Elçin Mirzəyev: Sualım cənab Ərdoğanadır. Hörmətli Baş nazir, Dağlıq Qarabağ münaqişəsi ilə bağı danışıqlar prosesinin getdiyi bir vaxtda bəzi dairələr bu danışıqlar prosesinə fikir vermədən Türkiyə və Ermənistan arasında sərhədin açılması məsələsini yenidən gündəmə gətirir. Bu məsələ ilə bağlı sizin mövqeyinizi bilmək istərdik.

Baş nazir Rəcəb Teyyub Ərdoğan: Dağlıq Qarabağ münaqişəsinin həlli yolları tapılmayınca, oradan bir və ya iki rayonun məsələsi həll etməyincə bizim belə bir qapı açmağımız və sairdən söhbət gedə bilməz. Bu, iqtidarda olduğumuz müddətdə həmişə söylədiyimiz sözdür. Belə bir addım ata bilmərik. Bizim atacağımız bütün addımların məqsədi budur: hazırda işğal altındakı torpaqlardan ermənilər çıxmalıdır. Bu, beynəlxalq qurumlar tərəfindən də “Bura Azərbaycanındır” deyilməsinə rəğmən hələ də torpaqların buranın haqq sahiblərinə verilməmiş olması bizim mövqeyimizi aydın və dəqiq şəkildə ortaya qoyur. Bizim mövqeyimiz də burada Ermənistanla bağlı atdığımız qətiyyətlə addım, tutduğumuz mövqe nədirsə bundan sonra da eyni şəkildə davam edəcək. Bu prosesdə maraqlı tərəf olaraq biz də hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyik.
Bu xəbər oxucular tərəfindən 1034 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed