Şrift:
Saxta spirtli içkilərdən ölümlə nəticələnən zəhərlənmə faktı ilə əlaqədar cinayət işi başlanıb
27.12.2019 [12:05] - Xəbərlər
Azərbaycan Respublikasında həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməkdədir. Qida təhlükəsizliyi sahəsində şəffaflığın, səmərəli nəzarətin təmin edilməsi məqsədilə strateji dövlət idarəetməsinin prinsiplərinə uyğun olaraq bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkarlanmış hüquqpozmalara qarşı mübarizə istiqamətində Qida Təhlükəsizliyi Agentliyi ilə Baş Prokurorluq tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlər ardıcıl həyata keçirilir. Səhiyyə Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, Bakı şəhər sakinləri Sərxan Bayramovun dekabrın 23-də, Mustafa Mustafayevin isə dekabrın 24-də “kəskin peroral metil spirti ilə ağır dərəcədə zəhərlənmə” diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə daxil olmaları və orada ölmələri, Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin isə “alkoqol zəhərlənməsi” diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktları ilə bağlı Cinayət Məcəlləsinin 200.4-cü (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsaletmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 213-1.1-ci (aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxaletmə) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb. İş üzrə istintaqın aparılması Bakı Şəhər Prokurorluğunun istintaq idarəsinə tapşırılıb. Aparılmış istintaqla zəhərlənərək vəfat etmiş Sərxan Bayramovun, xəsarət almış Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin paytaxtın Nərimanov rayonunda Koroğlu Rəhimov küçəsində yerləşən “Baku Voice Rooms”, Nəsimi rayonunda Tbilisi prospektində yerləşən “Baku City” restoranlarında, vəfat etmiş Mustafa Mustafayevin isə Binəqədi rayonunda Ə.Rəcəbli küçəsində yerləşən “Everest” restoranında qəbul etdiyi və zəhərlənmələrinə səbəb olmuş “Chivas Regal 12” əmtəə nişanlı spirtli içkiləri “Baku City” restoranının müdiri Füzuli Alıyev və sonuncunun tanışlığı ilə “Everest” restoranına Xəyal Cəfərovun ucuz qiymətə satmasına əsaslı şübhələr müəyyən edilib. İstintaq zamanı Bakı Şəhər Baş Polis İdarəsinin, şəhər prokurorluğunun, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin spirtli içki qəbul etdikləri “Baku Voice Rooms”, “Baku City” və “Everest” restoranlarına baxış zamanı qida və içki nümunələri, videomüşahidə kamerasının yaddaş qurğuları, müxtəlif qaimə-fakturalar, eləcə də X.Cəfərovun spirtli içkilər hazırladığı Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində icarəyə götürdüyü ikimərtəbəli evə baxış zamanı iki ədəd “Chivas Regal 12” adlı boş viski şüşəsi, satış üçün nəzərdə tutulmuş qaydada qablaşdırılmış halda 9 ədəd “Kremlevskie Kuranti Premium” arağının boş şüşələri, 8 ədəd araq və viski spirtli içkilərinin qarışdırılmaqla hazırlanması və sonradan ayrı-ayrı boş şüşələrə doldurulması üçün istifadə edilmiş 5 litr həcmli, içərisində araq və viski qalıqları olan plastik qablar, çoxsaylı araq və viski spirtli içki şüşələrinin qapaqları, şüşələrin üzərində vurulan qapaq və etiketlərin bərkidilməsi üçün istifadə edilmiş 4 ədəd hava fen və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb. Bundan başqa, X.Cəfərovun istehsal etdiyi spirtli içkilərin boş şüşə və qapaqlarını aldığı Səxavəddin Həsənova məxsus Binəqədi rayonu Azadlıq prospekti 161a ünvanında yerləşən anbara baxış zamanı orada “Chivas Regal 12”, “Chivas Regal 18”, “Chivas Regal 21”, “Jameson”, “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Russki Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkinin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin müxtəlif növ spirtli içkilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkarlanıb. Götürülmüş içki və qidalardan müvafiq nümunələr Qida Təhlükəsizliyi Agentliyinə təqdim olunub. Həmçinin spirtli içkilərin keyfiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə fiziki-kimyəvi, içkilər üzərindəki aksiz markalarının saxta olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə sənədlərin-texniki ekspertizası, eləcə də məhkəmə-tibbi ekspertizaları təyin edilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunmuş “Chivas Regal 12” spirtli içki nümunələrinin sınaq nəticələrində yüksək toksiki təsirə malik metil spirtinin həcm payının normadan dəfələrlə yüksək olduğu (76,6 faiz) və bu içkilərin insan həyatı üçün təhlükəli olduğu aşkarlanıb.
Cinayət işi üzrə Füzuli Alıyev Cinayət Məcəlləsinin 213-1.1-ci və 314.2-ci, Xəyal Cəfərov isə həmin məcəllənin 200.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Zərər çəkmiş şəxslərin vəziyyətləri ağır kimi qiymətlədirilməklə stasionar şəraitdə müalicələri davam etdirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Bakı Şəhər Prokurorluğunun 498-10-54 nömrəli telefon xəttinə və ya Qida Təhlükəsizliyi Agentliyinin “1003 – Çağrı mərkəzi”nə məlumat vermələrini xahiş edir. Eyni zamanda, istehlakçılardan xahiş olunur ki, ictimai iaşə, satış və digər məkanlarda qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirsinlər, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun sənədləri tələb etsinlər. Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed