Şrift:
İrəvanın işğalının 185-ci ili tamam olur
20.09.2012 [11:06] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Azərbaycan Qaçqınlar Cəmiyyəti bəyanat yayıb.

Bəyanatda deyilir:

- Yüz illər boyu türk-müsəlman şəhəri kimi yaşayan, Azərbaycanın elm, mədəniyyət və siyasət mərkəzlərindən biri olaraq Qafqazda və bütün Yaxın Şərqdə tanınan İrəvan şəhəri dövlətçilik tariximizdə də əhəmiyyətli yer tutur. Mühüm strateji mövqeyinə görə şəhər dəfələrlə yadellilərin hücumlarına məruz qalıb, bu hücumlara mərdliklə sinə gərib, Azərbaycanın ərazi bütövlüyünün qorunmasına öz layiqli töhfəsini verib.

Xüsusilə 19-cu yüzilin əvvəllərində Rusiya imperiyası Şimali Azərbaycan xanlıqlarını işğal etsə də, İrəvan xanlığı bu işğalla barışmadı, 1804-cü ildə general Sisianovun, 1808-ci ildə isə general-fedmarşal Qudoviçin işğalçı orduları İrəvan qalasının divarları önündə biabırçı məğlubiyyətə məruz qalaraq geri dönməyə məcbur oldular.

1813-cü il Gülüstan müqaviləsi də İrəvan xanlığının əzmini qıra bilmədi və Cənubi Qafqazın işğalını başa çatdırmaqdan Rusiya imperiyasına daha 14 il müharibə aparmaq lazım gəldi.

Nəhayət, əvvəl general Yermolovun, sonra da general Paskeviçin başçılığı ilə Rusiya bütün hərbi gücünü İrəvan üzərinə yönəltdi, erməni casusların köməyi nəticəsində 1827-ci il oktyabrın 1-də İrəvan qalası işğal olundu. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay bağlaşması ilə bu işğal rəsmiləşdi və Türkiyəyə, İrana qarşı bufer xristian dövləti yaratmaq üçün Rusiya dərhal bu ərazilərə həmin ölkələrdən erməni ailələri köçürüb gətirdi, Qafqaz xalqlarının sonrakı yüz illər üçün tarixi faciələrinin bünövrəsi qoyuldu.

Bu il oktyabrın 1-də İrəvan qalasının işğalının 185-ci ili tamam olur. Bu işğalı unutmaq onunla barışmaq demək olardı. Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq biz bunu tariximizə hörmətsizlik, tarixi torpaqlarımıza biganəlik, gələcək faciələrimizin təməlinə qoyulmuş hörgü daşı hesab edir, bütün Azərbaycan xalqını, siyasi və ictimai təşkilatları, dövlət qurumlarını bu ildönümünü anmağa, xatırlamağa və xatırlatmağa çağırırıq.

Vətən birdir, vahiddir, bütövdür, bölünməzdir! Onun hər qarışı müqəddəs və unudulmazdır!
Bu xəbər oxucular tərəfindən 1310 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed