Şrift:
Derby della Madonnina”: 175-ci derbidə altı qol vurulub
10.02.2020 [09:02] - İdman
İtaliya A Seriyasının 23-cü turunun mərkəzi qarşılaşması keçirilib. Iki Milan təmsilçisi “İnter” və “Milan” üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən və böyük maraq doğuran Milan derbisi 175-ci dəfə baş tutub. “San Siro” stadionunda təşkil olunan derbi “İnter”in 4:2 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesab 40-cı dəqiqədə “Milan” klubu tərəfindən açılıb. Zlatan İbrahimoviçin ötürməsini Ante Rebiç dəqiq zərbə ilə tamamlayıb. Qoldan beş dəqiqə sonra Zlatan İbrahimoviç künc ötürməsindən sonra qapıya başla dəqiq top zərbəsi vurub. Birinci hissə “Milan”nın iki top üstünlüyü ilə başa çatıb. Fasilədən sonra hücumlarının kəsərini artıran “İnter” oyunda ardıcıl dörd qol vuraraq qələbə qazanıb. “Neradzurra”nın heyətində Marcelo Brozoviç, Matias Vesino, Stefan De Vrey və Romelu Lukaku fərqlənib. Bu qələbədən sonra “İnter” xal ehtiyatını 54-ə çatdıraraq turnir cədvəlində birinci pilləyə yüksəlib. “Milan” isə 32 xalla 10-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, “Della Madonnina” adlanan Milan derbilərinin sonuncusunda “İnter” klubu qalib gəlmişdi – 2:0. Bu vaxta kimi iki Milan təmsilçisi İtaliya çempionatında 175 dəfə üz-üzə gəlib. Onların 67-də “İnter”, 53-cü görüşdə isə “Milan” qalib tərəfi olub. Əlli beş qarşılaşmada qalib müəyyənləşməyib. Bu oyun üçün satışa çıxarılan 80 min 118 biletin hamısı satılıb. “Neradzuri”nin bilet satışından qazandığı məbləğ 5,7 milyon avro təşkil edib ki, bu da İtaliya futbolu üçün rekord göstəricidir. Bundan əvvəlki rekord yenə “İnter”ə məxsus idi. Klub 2017-ci ilin aprelində keçirilmiş Milan derbisi üçün bilet satışından 4 milyon 204 min avro məbləğində gəlir əldə etmişdi. Həmin matç 2:2 hesabı ilə başa çatmışdı.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 66 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed