Şrift:
SSRİ pasportu ilə yaşayan şəxslərin müəyyən edilməsi istiqamətində işlər aparılır
12.02.2020 [12:25] - Xəbərlər
Dövlət Miqrasiya Xidməti (DMX) SSRİ pasportu ilə yaşayan və ya vətəndaşlığını təsdiq edən hər hansı sənədi olmayan şəxslərin müəyyən edilməsi, müvafiq qaydada sənədləşdirilməsi istiqamətində işlər aparır. DMX-dan sorğusuna cavab olaraq bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri də vətəndaşlıq məsələləri ilə bağlıdır. Xidmət tərəfindən Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam, habelə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş sorğular araşdırılır. Eyni zamanda, vətəndaşsızlıq hallarının qarşısının alınması və sayının azaldılması, o cümlədən vətəndaşsızlıq vəziyyətində olan şəxslərin aşkar edilərək sənədləşdirilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Bu insanlar arasında məlumatlılığın artırılması, onların hüquqi statusunun müəyyənləşdirilməsi, yaranan problemlərin həll edilməsi, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən Xidmətin regional miqrasiya idarələrinin iştirakı ilə yerli icra hakimiyyətləri ilə birgə ölkənin şəhər və rayonlarında geniş maarifləndirmə tədbirləri həyata keçirilmiş, çoxsaylı görüşlər təşkil edilmiş, sənədsiz yaşayan şəxslərin aşkar olunması istiqamətində müvafiq işlər görülüb.
Görülmüş tədbirlər nəticəsində 2008-2019-cu illər ərzində 1744 nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan vətəndaşlığına qəbul olunub. Hazırda isə heç bir ölkənin vətəndaşlığına mənsub olmayan, ölkə ərazisində keçmiş SSRİ pasportu ilə yaşayan və ya vətəndaşlığını təsdiq edən hər hansı sənədi olmayan şəxslərin Xidmət tərəfindən müəyyən edilməsi və müvafiq qaydada sənədləşdirilməsi istiqamətində işlər davam etdirilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed