Şrift:
Türkiyə ordusu PKK-ya qarşı yeni taktikaya keçdi.
26.09.2012 [15:57] - Xəbərlər, Sosial
Qabil Hüseynli: “Türkiyədə bəzən bir hakimiyyət boşluğu hiss olunur və PKK bundan istifadə edir”

Türkiyə ordusu PKK-ya qarşı yeni taktika həyata keçirəcək. İndiyə qədər postlarda növbə tutan hərbi qüvvələr bundan sonra PKK-nın fəal olduğu bölgələrdə aktiv hərəkətə keçəcək və terror qruplarını təcrid edib zərərsizləşdirəcək. Türkiyə mediasının məlumatına görə, silahlı qüvvələrin rəhbərliyi PKK-nın fəallaşmasına cavab olaraq yeni planı dövriyyəyə buraxıb. Sənədə görə, qarşıdakı 2 il ərzində Hakkari və Şırnak əyalətləri də daxil olmaqla, qaynar nöqtələrdə PKK-nın fəal olduğu ərazilər ordunun mühasirəsində olacaq. Əməliyyata Türkiyə ordusunun Baş Qərargahı nəzarət edəcək.

Qeyd edək ki, bu qərar PKK-nın fəallaşması ilə eyni dönəmə təsadüf edir. Artıq Türkiyədə bir çox mərkəzlər ölkənin şərq əyalətlərində PKK-nın nəzarətində kürd “muxtariyyətinin” yaranacağı ilə bağlı xəbərdarlıq siqnalları verirlər. Son dövrlərdə fəallaşan terror təşkilatı Türkiyə polisi və ordu mərkəzlərinə aramsız hücumlar təşkil edir. Eyni zamanda təhlilçilər hökumətin “kürd problemi” və PKK-ya qarşı mübarizədə qətiyyətsiz davrandığını qeyd edirlər. “Balyoz” prosesində 60-dan artıq generalın da daxil olduğu 325 zabitin məhkum olunması Türkiyədə ordunun zəiflədilməsi kimi qiymətləndirilir.

Politoloq Qabil Hüseynlinin fikrincə, Türkiyədə hökumətin orduya qarşı addımları silahlı qüvvələrin zəiflədilməsinə hesablanıb. Politoloqa görə, ordunun zəiflədilməsi prosesi PKK-nın fəallaşmasına səbəb olub: “Türkiyədəki vəziyyəti birmənalı qiymətləndirmək olmaz. Xüsusən də uydurma dövlət çevrilişi ittihamları və bununla bağlı general və admiralların həbsi ordunun ixtisaslı kadr heyətinə böyük ziyan vurdu. Ordunun peşəkar kadrları ya çıxarıldı, ya da həbsə atıldı”.

Q.Hüseynli deyir ki, Türkiyə hökuməti polisi, məhkəmə sistemini və indi də ordunu nəzarət altına alıb. Ekspertin sözlərinə görə, əvvəl ordunun müstəqilliyi olsa da, indi artıq tamamən siyasi hakimiyyətə tabe etdirilib. Q.Hüseynli deyir ki, ordunun nüfuzunun aşağı düşməsi uğurlu hərbi əməliyyatların aparılmasına mane olur. Eyni zamanda həmsöhbətimiz ölkə daxilində siyasi vəziyyətin gərgin olduğunu deyir: “AKP bir sıra siyasi partiyaları öz içində əritdi, son olaraq HAS hakim partiyaya qatıldı. Daha bir polemika prezident seçkiləri ilə bağlıdır. Bir neçə ay əvvəl hazırkı prezidentin səlahiyyət müddətinin 7 ildən 5 ilədək azaldılması ilə bağlı məsələ qaldırıldı, amma bu tələb qəbul olunmadı. Amma indi bu günlərdə baş nazirin müavinlərindən olan Bəkir Bozdağ deyib ki, 2014-cü ildə Ərdoğanın prezidentliyə namizəd olacağını deyib. 2014-cü il prezident seçkilərinə indidən AKP hökuməti hazırlaşır. Bu seçkilər ümumxalq səsverməsi yolu ilə keçiriləcək. Bu vəziyyət ölkədə narahatlıq yaradır. Çünki bəziləri prezidentin səlahiyyətlərinin artırılmasını padşahlıq sisteminə keçid kimi qiymətləndirirlər”.

PKK-nın fəallaşması və kürd ərazisinin yaranması ilə bağlı yaranan narahatlıqlarla bağlı danışan Q.Hüseynli deyir ki, Türkiyə hökuməti PKK-ya qarşı amansız mübarizə aparılacağını bəyan etsə də, reallıqda iş yoxdur. Q.Hüseynlinin fikrincə, hökumətin kürd siyasətinin uğursuz olduğunu artıq Türkiyə də anlayır: “Kürd açılımı altında kürd məsələsini kifayət qədər populyarlaşdırdı, indi də bunun arxasında dayanmaq mümkün olmur. PKK-nın siyasi davamı olan BDP və KCK hazırda çox dağıdıcı rol oynamasına rəğmən, onlara qarşı mübarizə aparılmır. Hazırda polis, ordu, xüsusi təyinatlılar və yerli qurumlar təsirli mübarizə apara bilmirlər. Bəzən bir hakimiyyət boşluğu hiss olunur və PKK bundan istifadə edir. Əhali içərisində etirazlar var. İnsanlar PKK-ya qarşı mübarizənin doğru olmadığını açıq deyirlər”.

KƏNAN
Bu xəbər oxucular tərəfindən 1469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed