Şrift:
Koronavirusla bağlı Culfaya giriş-çıxış yollarının bağlanmasını istəyən soydaşlarımız saxlanılıb
12.03.2020 [12:43] - Güney Azərbaycan xəbərləri, Sağlıq
Koronavirus epidemiyası ilə bağlı Culfaya giriş-çıxış yollarının bağlanmasını istəyən soydaşlarımız İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.



Saxlanılanlar arasında güney azərbaycanlı milli-mədəni fəallar da var.



Məlumata görə, çərşənbə axşamı günü milli fəallar daxil olmaqla bir qrup culfalı soydaşımız koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə şəhərin giriş yolunda toplaşıb, onlar Culfa şəhərinin giriş-çıxış yollarının bağlanmasını tələb ediblər. Şəhər əhalisi rəsmi orqanların epidemiya ilə bağlı heç bir tədbir almadığından şikayətlənir. Bu səbəbdən bir qrup soydaşımız virusun yayılmasına qarşı önləyici tədbir almaq məqsədi ilə bir araya gəlib.



Məlumata görə, təhlükəsizlik qüvvələri Şəhər İcra Hakimiyyəti və Şəhər Prokurorluğu ilə koordinasiya edilmiş bir şəkildə etirazçıları hücuma məruz qoyub, onlardan bir çoxunu, o cümlədən Səid Sultani, Əmir Sabiri, Əli Zeynalzadə, Yasir Purnəcəf, Ümid Sadiqi və Bəhmən Şenavəri yaxalayıb.



Saxlanılan soydaşlarımız polis bölməsinə aparılıb. Onlara qarşı təhqiramiz və kobud davranıldığı bildirilir.



Etirazçılar bir gün polis bölməsində saxlandıqdan sonra çərşənbə günü prokurorluğa (dadsəra) aparılıb. Culfa Prokurorluğu iş üzrə icraatın təxirə salınması barədə qərar qəbul edib. Onlar 10 milyon tümənlik vəsiqə qarşılığında sərbəst buraxılıb.
Bu xəbər oxucular tərəfindən 76 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed