Şrift:
Milli Məclisin üzvü Fərəc Quliyevin Milli Məclisin 01 oktyabr 2012-ci il tarixdəki Plenar iclasında çıxışı.
01.10.2012 [14:39] - Özəl xəbər, Fərəc Quliyev
Cənab sədr, hörmətli deputatlar, bu gün Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təcavüz siyasətinə görə beynəlxalq hüquqi məsuliyyət hələ də açıq qalır. Dövlətçiliyimizə və ərazi bütövlüyümüzə qarşı Ermənistanın törətdiyi təcavüz cinayətinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti haqda BMT TŞ-na ünvanlanacaq müvafiq sənədin müzakirəsi təxirəsalınmadan keçirilməlidir. Respublikamızın BMT TŞ-nin Qeyri-daimi üzvü olması, ratifikasiya edilən beynəlxalq hüquqi aktlar, hazırkı diplomatik şərait Ermənistanın törətdiyi təcavüz cinayətinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsinə tam əsaslar və imkanlar yaradır. Təcavüz aktının bu və ya digər formasına görə təcavüzkar dövlət BMT TŞ qarşısında birbaşa məsuliyyət daşıyır. Bu isə BMT TŞ-na təcavüzkar haqqında məcburi tədbirlərin görülməsi səlahiyyəti verir. Çünki müasir beynəlxalq hüquqda digər hüquq pozuntularında olduğu kimi, təcavüzə görə də məsuliyyət restitusiya və reparasiya formasında nəzərdə tutulur. Bunu əsas götürərək BMT nizamnaməsinin 7-ci fəslinə müvafiq olaraq məcburiyyət tədbirlərinin işə salınmasını hədəf götürməliyik. BMT TŞ İstər maddə 41-də nəzərdə tutulan ”silahlı qüvvələrin tətbiqi ilə bağlı olmayan “sanksiyaları, istər 42-ci maddədə nəzərdə tutulan “hərbi sanksiyaları” tətbiq etməsi üçün kifayət qədər əsas, o cümlədən BMT-nin 4 məlum qətnaməsi var. ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqların heç bir nəticəsinin olmadığı bir zamanda Ermənistanla danışıqların yeni mərhələsini gözləməyin hec bir mənası yoxdur. Əvvəla ən yaxşı halda Ermənistanla danışıqların sonucu Ter-Petrosyan dönəmindəki səviyyəyə gələr ki, belə vəziyyətdə ermənilər sadəcə hakimiyyəti dəyişməklə yenidən sıfırdan başlamaq təcrübəsinə malikdirlər. Məqsədsə, təbii ki, indiki status-kvonu uzatmaqdır. İkincisi-“animus aggeressionis”deyilən bir yanaşma var. Yəni dövlətin fəaliyyətində mövcud olan, əvvəlcədən düşünülmüş təcavüzkar niyyət. Bu Ermənistanın ”böyük ermənistan“ planının tərkib hissəsidir və onlarla danışmaq mənasızdır. Ona görə də Ermənistanla danışıqları davam etməyə cəhd etmədən Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti haqda BMT ilə danışıqlar aparmaq lazımdır. Bu proseduru başlatmaq üçün Milli Məclis ilk belə müraciəti- Dövlətçiliyimizə və ərazi bütövlüyümüzə qarşı Ermənistanin törətdiyi təcavüz cinayətinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti haqda sənədin müzakirəsini payız sesiyasında kecirməlidir.
Diqqətinizə görə təşəkkür edirəm.
Bu xəbər oxucular tərəfindən 2278 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed