Şrift:
İranda cümə namazları qadağan edilib
19.03.2020 [10:50] - Güney Azərbaycan xəbərləri
İranda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə yaradılan Milli Mübarizə Qərargahının qərarına əsasən ölkə məscidlərində cümə namazlarının kütləvi şəkildə qılınması qadağan edilib.

Qərarda məscidlərin qapalı məkan olduğu və insanların kütləvi şəkildə belə yerlərə toplaşması virusun yayılması riskini artırır. Buna görə də cümə namazları qeyri-müəyyən vaxtadək təxirə salınır.

İranın Səhiyyə Nazirliyi bildirib ki, ölkədə virusa yoluxanların orta yaş həddi 54, ölənlərin isə 67 təşkil edir. Qeyd edilir ki, nisbətən cavan şəxslərin yoluxma, yoluxduqda isə ölüm riski aşağıdır.

İran silahlı qüvvələrinin baş qərargahının tibb idarəsinin rəisi, general Həsən Əraqzadə bildirib ki, ordunun tabeliyində olan xəstəxanalar koronavirusdan müalicə edilən xəstələr üçün ayrılıb. Onun sözlərinə görə, ordunun tibb idarəsi 20 səyyar xəstəxana yaradaraq virusla mübarizə aparan tibbi personalın ixtiyarına verib.

Virusun tüğyan etdiyi bir zamanda ABŞ İran ordusunun ərzaq təminatı ilə əlaqəli olan 5 şirkətinin adını sanksiyalar siyahısına əlavə edib.

İranın məhkəmə hakimiyyəti yanında fəaliyyət göstərən İnsan Hüquqları Şurası BMT-nin İnsan Hüquqları Şurasını kəskin tənqid edib. Şura iddia edir ki, BMT ABŞ tərəfindən milyonlarla iranlının hüquqlarının pozulmasına göz yumur. İran səhiyyəsi koronavirusla mübarizə apardığı bir zamanda sanksiyalar ucbatından çətinliklərlə qarşılaşır ki, bunun da nəticəsində sadə insanlar həlak olurlar. Lakin BMT bu faktları görsə də, səsini çıxarmır.

Bu arada Gürcüstan və Türkiyə də İrana tibbi ləvazimatlardan ibarət yardım göndəriblər.
Bu xəbər oxucular tərəfindən 249 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed