Şrift:
Güney Azərbaycanda koronavirusa yoluxanların sayında dünənlə müqayisədə 7% artım müşahidə olunur
26.03.2020 [16:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Rəsmi statistikalarına əsasən Güney Azərbaycan əyalətlərində son 24 saatda daha 214 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb və infeksiyaya tutulanların sayı 3466 nəfərə çatıb. Bu rəqəm keçən günlə müqayisədə yeddi faiz artım göstərir.



GünAZ TV İran rəsmilərinin açıqlamalarına əsasən xəbər verir ki, infeksiyasından ölənlərin sayı Güney Azərbaycanda 341 nəfər olub.



Qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir.





Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb.





Təbriz Tibb Universitetinin rəis müavini Ruzbeh Rəcayi əyalətdə koronavirusa yoluxanların sayının 1094 nəfərə çatdığını bildirib.

Onun sözlərinə görə, Şərqi Azərbaycanda son 24 saat ərzində daha 89 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.



O, keçən gün daha səkkiz nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə əyalətdə qurbanların sayının 105 nəfərə çatdığını bildirib.



Şərqi Azərbaycan əyaləti və mərkəzi Təbrizdə koronavirusa yoluxanların və infeksiyadan ölənlərin kəskin artmasına baxmayaraq əyalət valisi Məhəmməd Rza Purməhəmmədi iki gün öncə hökumətin önləyici “tədbirlərinin nəticə verməsini” və xəstəliyə yoluxanların sayının azalmasını iddia etmişdi.



Qəzvin əyalətində də 783 nəfərin koronavirusa yoluxduğu, 91 nəfərin həyatını itirdiyi təsdiqlənib. Əyalətdə son 24 saatda 49 yeni yoluxma faktı qeydə alınıb. Qəzvin Güney Azərbaycanda virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutur.



Qərbi Azərbaycanda isə infeksiyaya yoluxanların sayı 546 nəfərə çatıb. Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadənin dediyinə əsasən son 24 saatda daha 49 nəfərdə infeksiya aşkarlanıb.

Onun sözlərinə görə, Qərbi Azərbaycanda bu virusdan ölənlərin sayı 41 nəfərə çatıb.

Əyalətdə ən çox yoluxma faktı Urmiya (179 nəfər), Xoy (72 nəfər) və Bukan (71 nəfər) şəhərlərində qeydə alınıb.





Ərdəbil əyalətində də hazırda 345 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır. Ərdəbil Tibb Universitetinin müavini Əfşin Fəthinin dediyinə görə, əyalətdə 327 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Xəstəlikdən ölənlərin sayı isə 47 nəfərə çatıb.



Zəncan əyalətində də son rəsmi açıqlamalara görə, infeksiyaya yoluxanların sayı 450, xəstəlikdən ölənlərin sayı isə 32 nəfərdir.





Bu rəqəm Həmədanda 266 nəfərdir ki, onlardan 25 nəfəri dünyasını dəyişib. Xatırladaq ki, Həmədan rəsmiləri iki gündür yeni statistika verməyi dayandırıblar.



İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi.
Bu xəbər oxucular tərəfindən 284 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed