Şrift:
Türkiyənin Suriyaya girməsi MHP-dən aslıdır.
04.10.2012 [12:26] - Xəbərlər, Hadisə
MHP-nin qərarı Türkiyənin Suriyaya hərbi müdaxiləsi məsələsində həlledici olacaq

Türkiyə ordusunun Suriyada hərbi əməliyyatları başlamasını nəzərdə tutan qanun layihəsi bu gün parlamentdə müzakirəyə çıxarılacaq. Rəcəb Tayyib Ərdoğan hökuməti bu məsələdə qərarlıdır. Məsələnin taleyi isə parlamentdə bu qanun layihəsinin qəbulundan asılıdır. AKP-nin parlamentdə 326 deputatı var və bu say hakim partiyaya təkbaşına qanun layihəsinin qəbul edilməsi üçün kifayət edir. Lakin siyasi müşahidəçilərin əksəriyyəti Suriyaya hərbi müdaxilə məsələsində AKP-nin deputatları arasında fikir ayrılığının olacağını proqnozlaşdırır və hakim partiyanın deputatlarının hamısının qanun layihəsinin qəbuluna səs verəcəyi inandırıcı sayılmır.

Yaranmış vəziyyətdə qanun layihəsinin taleyi parlamentdə 51 deputatı olan Milliyətçi Hərəkət Partiyasından (MHP) asılıdır. Çünki PKK-nın siyasi qolu sayılan BDP birmənalı şəkildə qanun layihəsinə qarşı çıxır. 135 deputatı olan CHP-nin qərarı isə bu gün saat 11:30-da keçirilən qrup toplantısında məlum olacaq. Lakin CHP sədri Kamal Kılıcdaroğlunun Suriya ilə bağlı indiyə qədər sərgilədiyi mövqe fonunda ana müxalifət partiyasının da qanun layihəsinin qəbuluna qarşı çıxacağına demək olar ki, şübhə edən yoxdur. Belə olan durumda MHP və partiyanın lideri Dövlət Bağçalı da üzərinə düşən məsuliyyətin fərqindədir. Əgər MHP Suriyaya hərbi müdaxiləni dəstəkləyərsə, o halda qanun layihəsinin parlamentdə qəbul olacağı birmənalıdır. Elə bu səbəbdən də bu gecə ərzində Dövlət Bağçalı partiyanın mərkəzi qərargahında rəhbərlikdə yer alan şəxslərlə birlikdə toplantı keçirib, məsləhətləşmələr aparıb. Lakin yekun qərar vermək mümkün olmayıb. Bu gün parlamentin iclasından əvvəl yenə də Dövlət Bağçalı toplantı keçirəcək, MHP-nin məsələ ilə bağlı mövqeyini müəyyənləşdirməyə çalışacaq.


MHPnin parlamentdəki qrupunun rəhbəri Oqtay Vural “Hürriyet” qəzetinə açıqlamasında deyib ki, Türkiyənin Suriya siyasətində gəldiyi mərhələdə çox diqqətli olmaq lazımdır: “Bu gecə Suriya məsələsi ilə bağlı müxtəlif ssenarilərlə əlaqədar müzakirə apardıq. Həm özümüzdə olan informasiyaları təhlil edir, həm də xaricdə baş verən prosesləri izləyirik. Yekun qərar verməyimiz üçün daha çox məlumata malik olmağımız lazımdır. Gecə bir neçə partiyadaşımıza da bu məsələ ilə bağlı məlumatlar toplamağı tapşırdıq. Hökumətin də verdiyi məlumatlarla əldə etdiyimiz məlumatları analiz edərək qərar verəcəyik. MHP Türkiyənin milli maraqlarını nəzərə alaraq, buna uyğun mövqe ortaya qoyacaq. Çox diqqətli olmaq lazımdır”
Bu xəbər oxucular tərəfindən 663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed