Şrift:
Təbrizin millət vəkili Əndəryan qızıl mədəninin ətraf mühiti çirkləndirməsi ilə bağlı xəbərdarlıq edib
02.04.2020 [12:01] - Güney Azərbaycan xəbərləri
Təbrizin yeni seçilmiş millət vəkili Məhəmməd Rza Mirtacəddini Güney Azərbaycanın Vərziqan bölgəsinin Əndəryan kəndinin yaxınlığında yerləşən qızıl mədəninin ətraf mühitə vurduğu ziyanlarla bağlı xəbərdarlıq edib.



Mirtacəddini “son hadisələrin və mədənin ətraf mühiti çirkləndirməsi” məsələsinin araşdırlmasını nəzarətdə saxlayacağını bildirib.



Xatırladaq ki, keçən günlərdə mədənin pəsab hovuzunun zədələnməsi nəticəsində zəhərli su ətrafa axıb, yaxın kəndlərdə mal-qaranın toplu şəkildə ölümünə səbəb olmuşdu.



Mirtacəddini azərbaycanlıların mədən gəlirlərindən payına toxunmadan dedi, “mədən və onun gəlirləri ölkənin iqtisadiyyatının inkişafı ” üçün istifadə olunmalıdır.



Millət vəkili Əndəryan mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunduğunu vurğulayaraq, siyanür və digər zəhərli maddələrin ətraf mühitə ciddi ziyan vurduğunu deyib.



O, “keçmişdə qızıl istehsalı üçün insanları öldürürdülər, günümüzdə isə daha artıq gəlir əldə etmək üçün ətraf mühiti məhv edirlər”-deyə artırıb.





Mirtacəddini əlavə edib ki, ətraf mühitə və yerli xalqın sağlamlığına dəyən ziyan ciddi məslədir və buna göz yummaq olmaz.



O, Şərqi Azərbaycan əyalətinin ədliyyə rəisindən şəxsən məsələni araşdırmasını istəyib.



“Keçmişdə də Əndəryan mədəninin ətraf mühiti çirkləndirməsi ilə bağlı məsələ qaldırılmışdı, ancaq bəzilər onu ört-basdır etməyə, unutdurmağa çalışdılar”- deyə millət vəkili artırıb.



Qeyd edək ki, sosial şəbəkələrdə mədən pəsabının ətraf kəndlərdəki heyvanları zəhərləyib öldürməsi ilə bağlı görüntülər yayıldıqdan sonra Şərqi Azərbaycan əyalətinin Ətraf Mühit Mühafizəsi İdarəsi mədənin fəaliyyətini müvəqqəti olaraq dayandırdı. Lakin bəzi ətraf mühit fəalları həmin idarənin keçmişdə baş verən hadisələrlə bağlı mövqeyini xatırladaraq bunu ciddi addım kimi deyil, “nümayişkaranə” hərəkət olaraq dəyərləndirdilər.



Daha öncə Şərqi Azərbaycan Kənd Təsərrüfatı Araşdırmalar Mərkəzinin sədri Əhməd Baybordi Əndəryan içməli suyunun zəhərlənməsi ilə bağlı Kənd Təsərrüfatı idarəsinin gizli hesabat hazırladığını, test cavablarının Ətraf Mühit Mühafizəsi İdarəsinin məmurları tərəfindən dəyişdirildiyi və təhrif olunduğunu demişdi.



Baybordinin sözlərinə görə, laboratoriyada əldə olunan nəticələr göstərir ki, kəndin suyunun sianid ilə çirklənmə nisbəti normal su ilə müqayisədə 5 dəfə daha çoxdur, lakin məmurlar statistik manipulyasiya yolu ilə onu bir neçə dəfə azaldıblar.





Təxminən 30 milyon ton ehtiyatı olan Əndəryan mədəni Şərqi Azərbaycan əyalətinin Vərziqan məntəqsində yerləşir. Mədənin fəaliyyətinin ətraf mühitə vurduğu ziyana görə dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədərək mədənin fəaliyyətinin davam etməsinə şərait yaradıblar. Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Həmin maddə sonralar yeraltı sularını da çirkləndirə bilər. Bu şəkildə ətraf mühit təhlükəli maddə ilə çirklənmiş olur.



Yaxın Şərqin ən böyük mis və qızıl yataqlarına sahib olmasına baxmayaraq, Vərziqan əhalisi işsizlikdən və yoxsulluqdan əziyyət çəkir. Mədənlərin hasilatı emal üçün fars bölgələrinə göndərilir və əldə edilən gəlir o bölgələrə sərf olunur.
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed