Şrift:
İran katerlərindən ABŞ hərbi gəmilərinə qarşı ‘təhlükəli hərəkətlər’
17.04.2020 [19:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran katerlərindən ABŞ hərbi gəmilərinə qarşı ‘təhlükəli hərəkətlər’
İran İslam İnqilabı Keşikçiləri Korpusunun katerləri körfəzdə ABŞ-ın birlikdə hərəkət edən 6 gəmisinə təhlükəli dərəcədə yaxınlaşıb.

ABŞ hərbi dəniz donanması bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Amerika gəmilərinə qarşı “təhlükəli və qısnayıcı yanalma” hərəkətlərinə yol verib. Aprelin 15-də hadisə baş verərkən ABŞ gəmiləri beynəlxalq sularda hərbi təlim keçirirdi ki İnqilab Keşikçilərinin katerlərindən ikisi ABŞ gəmilərinin 10 və 50 metrliyinədək yaxınlaşıb.

ABŞ-ın Bəhreyndə bazalanan 5-ci Donanmasının yaydığı məlumatda deyilir ki ABŞ gəmiləri körfəzdə, beynəlxalq sularda quru qoşunlarına məxsus “Apaçi” helikopterləri ilə təlim keçirirdi. Bu əsnada İranın hərbi katerləri amerikanın gəmilərinin ön və arxa hissəsindən dəfələrlə keçdi.

ABŞ hərbi dəniz donanması Twitter hesabında bildirib ki, İnqilab Keşikçilərinin katerləri “təhlükəli və qeyri-peşəkar manevrlər” edib. Donanma bunu da qeyd edib ki, hadisə zamanı xəsarət alan olmasa da, İnqilab Keşikçilərinin katerlərinin hərəkətləri “beynəlxalq dəniz qaydalarını” pozub.

Xəbər verilir ki, ABŞ gəmiləri “toqquşmanın qarşısını almaq üçün müvafiq hərəkətləri” yerinə yetirib. Bu məlumata görə, “Katerlər “USS Levis Puller” gəmisinə 45 metr, “USCG Maui” gəmisinə isə 9 metrə qədər yaxınlaşdı. İran katerləri xəbərdarlıqlara 1 saat sonra reaksiya verib ərazidən uzaqlaşıb və hər hansı münaqişə baş verməyib.”

ABŞ-ın Bəhreyndə bazalanan 5-ci Donanması habelə sözü gedən hadisənin fotolarını paylaşıb. Bu fotolarda İran hərbi katerlərinin ABŞ-ın Lewis B. Puller gəmisinə yaxınlaşdığı görünür.

Bu hadisədən bir gün əvvəl də Honq Konq bayrağı altında üzən SC Taipei gəmisi Hörmüz boğazında basqına məruz qalaraq İran sahilinə tərəf yönləndirilmişdi lakin gəmi çalışanlarının Çinli oluqları anlaşılınca sərbəst buraxılmışdı.

Keçən il, prezident Həsən Ruhani və İranın bəzi hərbi komandirləri, ABŞ-ın neft sanksiyalarını tətbiq edəcəyi təqdirdə, Hörmüz Boğazını bağlamaqla təhdid etdikdən sonra Körfəz sularında neft tankerlərinə müxtəlif hücumlar baş verdi. Stena Impro neft tankeri ələ keçirildi, Amerikan pilotsuz təyyarəsi İnqilab Keşikçiləri tərəfindən hədəfə alındı, və daha sonra da Səudiyyə neft obyektlərinə hücum edildi.

İranın bu təxribatçı hərəkətləri 3 yanvar 2020 də İnqilab Keşikçilərinin xarici qolu olan Quds Qüvvələri komandiri Qasim Süleymani'nin Amerikan pilotsuz təyyarəsi tərəfindən öldürülməsinə səbəb oldu.
Bu xəbər oxucular tərəfindən 367 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed