Şrift:
Şirazda 7 bəhai 39 il həbsə məhkum edilib
17.05.2020 [11:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şirazda 7 bəhainin 39 il həbs cəzasına məhkum edilməsi ilə bağlı İranın İnqilab Məhkəməsinin çıxardığı hökm təsdiqlənib.



Bu barədə məlumat yayan Cenevrədə yerləşən Ümumdünya Bəhai Cəmiyyəti onlara qarşı "İran siyasi sisteminə düşmən olan qruplarda üzvlük" və "sistem əleyhinə təbliğati fəaliyyət" ittihamlarının irəli sürüldüyünü bəyan edib.



Həmin bəhailərin Nilufər Həkimi, Nəvid Bazmandeqan, Bəharə Qadiri, İlahə Səmizadə, Südabə Həqiqət, Nura Purmərdayan və Əhsənullah Məhbub Rahvəfadır.



Xanım Nilufər Həkimi 7 il, Əhsənullah Məhbub Rahvəfa 1 il, qalan şəxslər isə hər biri 6 il həbs cəzası alıb.



Hökmlər Şirazın İnqilab Məhkəməsinin 1 saylı şöbəsində hakim Sadatinin rəhbərliyi ilə keçirilmiş məhkəmə iclasında çıxarılıb.



Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının Konstitusiyası bəhai dinini müstəqil bir din kimi tanımır. Bu səbəbdən son 41 il ərzində İranda bəhailərin sərbəst təhsil almasına və dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.



Amerika Birləşmiş Ştatlarının Beynəxalq Din Azadlığı Komissiyasının aprelin 30-da yaydığı hesabatda da İranda bəhailər, xristianlar, sünnilər, dərvişlər, qadınlar və digər qruplara qarşı rejimin təqiblərinin davam etdiyi vurğulanırdı.



Sənəddə həmçinin bildirilirdi ki, İran rejimi öz media vasitələrindən istifadə etməklə, cəmiyyət arasında bəhailər və digər din nümayəndələrinə qarşı nifrət yaymaq siyasətini davam etdirir.
Bu xəbər oxucular tərəfindən 304 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed