Şrift:
Həbsdə olan güney azərbaycanlı fəallar Cəfər Rüstəmirad və Yusif Kari yeni korpuslara köçürülüb
08.06.2020 [09:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran həbsxanalarında yayılan koronavirus təhlükəsinin davam etməsinə baxmayaraq Rüstəmirad və Kari mayın 21-də barələrində çıxarılmış həbs cəzasının qalan hissəsini çəkmək üçün təcridxanaya qayıdıblar.





Cəfər Rüstəmirad ailəsi ilə əlaqə saxlayaraq Evin həbsxanasının 4-cü korpusundan 8-ci korpusuna köçürüldüyünü bildirib.





Rüstəmirad 2018-ci ilin iyul ayında “Babək qalası mərasimində iştirak etməsi ehtimal olunduğu” üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır. Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində 6 ay həbs cəzasına məhkum edilən fəalın hökmü Tehran Əyaləti Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb.





Fəal həbsxanaya müraciət etdikdən sonra bundan əvvəl çıxarılan 7 aylıq həbs qərarı da icraya qoyulub. O 2013-cü ildə Güney Azərbaycanın “Traxtur” və Birləşmiş Ərəb Əmirliklərinin “Əlcəzirə” komandalarının görüşü zamanı stadionda saxlanmışdır. Fəal həmin dosyeyə görə 7 ay azadlıqdan məhrum edilib.





Digər milli fəal Yusif Kari də ailəsi ilə əlaqə saxlayaraq Ərdəbil mərkəzi həbsxanasının 16-cı korpusundan təhlükəsizlik İdarəsinə məxsus olan 7-ci korpusa köçürüldüyünü bildirib. Tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani də hazırda həmin korpusda saxlanılır.

Yusif Kari martın 31-i vəsiqə girov qoyaraq müvəqqəti azadlığa buraxılmışdı.





O, 2019-cu il sentyabrın 3-də mülki geyimli şəxslər tərəfindən saxlanmışdır. Fəal sonralar Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində 6 il həbs cəzasına məhkum edilib, lakin həbs qərarı Apellyasiya Məhkəməsi tərəfindən 2 ilə endirilib.





Qeyd edək ki, keçən aylarda koronavirusun İran həbsxanalarında yayılmasının qarşısını almaq məqsədilə məzuniyyətə göndərilən məhbuslar yenidən həbsxanalara qaytarılır.





Koronavirus infeksiyası ilə əlaqədar bir neçə güney azərbaycanlı milli-mədəni fəal məzuniyyətə buraxılsa da beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq Lətif Həsəni, Abbas Lisani və Tövhid Əmir Əmini kimi milli-mədəni fəallara hələ də məzuniyyət haqqı verilməyib.
Bu xəbər oxucular tərəfindən 292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed