Şrift:
Moskva görüşü ermənilərin maraqlarına xidmət edir
24.10.2012 [12:53] - Gündəm
Diasporla İş üzrə Dövlət Komitəsi: «Hələ 2000-ci illərin əvvəllərindən başlayaraq erməni diasporu və lobbisi «xalq diplomatiyası» adı altında Azərbaycan cəmiyyətinin kompromislərə hazır olduğu təsəvvürünü formalaşdırmaq məqsədilə bu cür təşəbbüslərlə çıxış edib»

Diasporla İş üzrə Dövlət Komitəsi Moskvada «Azərros» Federal Milli Mədəni Muxtariyyəti və erməni diasporunun nümayəndələri arasında keçirilən görüşün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə müsbət təsir göstərəcəyinə inanmır.
Dövlət Komitəsinin mətbuat xidmətindən verilən açıqlamada bildirilir ki, bu cür görüşlər beynəlxalq aləmdə Azərbaycan cəmiyyətinin ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan kompromislərə hazır olduğuna dair ictimai rəy formalaşdırmaq istəyən erməni diasporunun maraqlarına xidmət edə bilər:
«Təsadüfü deyildir ki, hələ 2000-ci illərin əvvəllərindən başlayaraq erməni diasporu və lobbisi «xalq diplomatiyası» adı altında Azərbaycan cəmiyyətinin kompromislərə hazır olduğu təsəvvürünü formalaşdırmaq məqsədilə bu cür təşəbbüslərlə çıxış edib. Ötən dövrün təcrübəsi göstərir ki, belə təşəbbüslər münaqişənin ədalətli həllində israrlı olan Azərbaycana danışıqlar prosesində təzyiq üçün əlavə imkanlar yaratmaq məqsədinə xidmət edir.
Ayrı-ayrı şəxslərin, yaxud təşkilatların bu cür təşəbbüsləri problemin həllinə töhfə vermək arzusunun ifadəsi olsa da, münaqişəsinin nizamlanması prosesi ilə peşəkar diplomatların məşğul olması daha məqsədəuyğundur.
Diasporla İş üzrə Dövlət Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini vermək istəyən hər bir azərbaycanlının vətənpərvərik hisslərinə hörmətlə yanaşmaqla yanaşı, bu cür görüşlərin real perspektiv vəd etdiyinə əmin deyil və diaspor təşkilatlarını belə təşəbbüslərdə daha ehtiyatlı, eyni zamanda diqqətli olmağa çağırır».
Bu xəbər oxucular tərəfindən 826 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed