Şrift:
Huk İsraildən İrana qarşı silah embarqosunun ləğv edilməyəcəyini elan edi
01.07.2020 [10:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, bu gün İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə ölkəsinin İrana qarşı qəbul edilmiş silah embarqosunun qaldırılmasına imkan verməyəcəyini bir daha vurğulayıb.


İranı qlobal təhlükə adlandıran Huk silah sanksiyasının ləğv edilməməli olduğunu və rəsmi Vaşinqtonun bu halın yaşanmayacağına zəmanət verdiyini deyib.


Bu görüş Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının ABŞ-ın sözügedən məsələ ilə əlaqəli təqdim etdiyi qətnamə layihəsinin müzakirə edilməsi üçün keçirilən toplantıdan bir neçə saat öncə baş tutub. Toplantıda iştirak edəcək ABŞ Dövlət katibi Mayk Pompeonun da embarqonun uzadılması mövzusunda çıxış edəcəyi gözlənilir.


Netanyahu Hukla görüşməzdən əvvəl yaydığı bəyanatda rəsmi Tehranı yenidən dünya ictimaiyyətini aldatmaq və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərini mühüm nüvə mərkəzlərinə buraxmamaqla, gizli şəkildə kütləvi qırğın silahları əldə etməy üçün fəaliyyət göstərməkdə ittiham edib.


İran həmçinin müharibələri qızışdırmağa və terror qruplaşmalarını təmin etməyə davam edir, amma dünya əlini əlinin üstünə qoyub tamaşa etməklə məşğuldur. Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün zəruri addımları atırıq", - deyə Netanyahu əlavə edib.


O, ölkəsinin İranın Suriyada İsrailə qarşı yeni terror cəhbəsi açmasına imkan verməyəcəyini qeyd edərək, Suriya prezidenti Bəşər Əsədə bu məsələ ilə əlaqədar xəbərdarlıq edib.


İsrailin Baş naziri sonda bir daha ABŞ-a Qasım Süleymanini öldürməsi və İrana qarşı maksimum təzyiq siyasəti aparmasına görə təşəkkür edib.


Qeyd etmək lazımdır ki, İranla 5+1 ölkələri arasında 2015-ci ildə imzalanmış nüvə razılaşmasından sonra TŞ tərəfindən qəbul edilmiş 2231 saylı qətnaməyə əsasən, rəsmi Tehrana qarşı silah embarqosu cari ilin oktyabr ayında sona çatır. Lakin ABŞ bir müddətdir ki, embarqonun yenidən müddətsiz uzadılmasına çalışır.
Bu xəbər oxucular tərəfindən 332 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed