Şrift:
İsrail İranı izləmək üçün kosmosa hərbi kəşfiyyat peyki göndərib
07.07.2020 [10:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Peykin qabaqcıl texnologiyalarla təchiz edilmiş elektro optik aşkarlama sisteminə malik olduğu deyilir.


"Ofek-16" hazırda kəşfiyyat sistemlərini inkişaf etdirən İsrail ordusuna daha keyfiyyətli izləmə imkanı təmin edəcək.


İsrail Aerokosmik Şirkətinin kontraktorluğu ilə peykin ərsəyə gəlməsi üçün icra edilmiş bu hərbi layihədə "Elbit Systems" şirkəti də böyük paya sahibdir.


"Şavit" ballistik raketi vasitəsilə "Palmaxin" hava bazasından buraxılmış "Ofek-16" uğurla Yerin orbitində qərarlaşıb. Peyk 2 saat sonra İsrail səmasından da keçib və onun ilk fotoları gələn həftədən etibarən göndərəcəyi gözlənilir.


İsrailli hərbi ekspertlərin sözlərinə görə, "Ofek-16" bu ölkənin köhnə peykləri ilə birlikdə müəyyən edilmiş hədəflərə fokuslanaraq daha dəqiq fotolar çəkməklə, obyektləri ən xırda detallar qədər izləməyə imkan verir. Buna görə də, İranın artıq öz nüvə fəaliyyətini yer altında quracağı təsisatlarda davam etdirməyə məcbur olacağı ehtimal edilir.



Məsələyə münasibət bildirən İsrailin sabiq Müdafiə naziri Naftali Bennet ölkəsinin İranla mübarizə üsulunun dəyişdiyini deyib. Onun sözlərinə görə, İsrail uzun illər yanlış siyasət yürüdərək, rəsmi Tehranın regionda yaratdığı qruplaşmalarla mübarizə aparmaq üçün Qəzza zolağında bəzi nöqtələrə canlı qüvvə göndərirdi. Hansı ki, həmin ərazilərdə baş verən döyüşlərdə çoxlu sayda İsrail əsgəri ölürdü. İndi isə rəsmi Tel-Əviv birbaşa "ilanın başını", yəni İranı vurmaq taktikasına yönəlib.


Qeyd etmək lazımdır ki, son dövrlər İranla İsrail arasında gərginlik daha da kəskinləşib. Hətta "New York Times" qəzeti Yaxın Şərqdə olan kəşfiyyat mənbələrinə istinadən iyunun 30-da İranın Nətənz nüvə təsisatında baş vermiş yanğının İsrailin kəşfiyyat-təxribat əməliyyatı olduğunu iddia etmişdi. Amma ötən gün İsrailin Müdafiə naziri Beni Qants hadisədə əllərinin olduğunu təkzib edib..
Bu xəbər oxucular tərəfindən 148 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed