Şrift:
Bir daha “hicab aksiyası” barədə...
30.10.2012 [15:55] - Gündəm, Sosial
Oktyabrın 5-də Təhsil Nazirliyinin önündə baş vermiş, bəzilərinin “hicab aksiyası” adlandırdığı olayı sıradan bir hadisə kimi qiymətləndirib unutmaq olmaz. Bu aksiya cəmiyyətimizdə və ondan kənarda baş verən təhlükəli proseslərdən xəbər verir.

Sonuncu “hicab aksiyası” cəmiyyətimizdə birmənalı qarşılanmayıb. İlk növbədə əksər dini icmalarımız, islam camiyələrimiz bu aksiyanın tələblərini dəstəkləsələr də, onun artıq məşhurlaşmış aqressiv formatını pisləmişlər. Həqiqətən də, biz əvvəllər də təhsil ocaqlarında hicaba qoyulmuş qadağanı pisləyən aksiyaların şahidi olmuşuq. Xırda ekssesləri çıxmaq şərtilə bu aksiyalar dinc, asayişin pozulmasından uzaq bir formada keçirilirdi və hətta, bu aksiyalarda Millətimizin dindar soydaş qadınlarımız da iştirak edirdi.
Oktyabrın 5-də baş vermiş olay isə, tam ayrı bir şəkildə təzahür etdi. Bir qrup kişilər elə bir aqressiya nümayiş etdirdilər ki, ən azından bu aksiyanın əsas məqsədinin polis əməkdaşlarının döyülməsi olması təəssüratı yarandı.
Digər tərəfdən, “nümayişçilər” özlərini elə aparırdılar ki, elə bil respublikada xaosdur, özbaşınalıqdır, bununla güc olduqlarını nümayiş etdirmək istəyirdilər. Sanki, cəzasız qalacaqlarına arxayın idilər. Aksiya iştirakçıları elə aqressiya göstərirdilər ki, elə bil hakimiyyəti ələ keçirmək üçün əllərinə sonuncu şans düşmüş “inqilabçılardır”.
Bu qalmaqalın əks olunduğu videogörüntülərə baxanda, alkoqolun və ya narkotiklərin təsiri altında qeyri-adekvat hərəkətlər edən Avropa futbol fanatlarının iğtişaşları yada düşür.
Həmin aksiyanın pərdəarxası barədə bir çox şərhlər verilib. Onlardan biri bu idi ki, hakimiyyət özü bu aksiyaları körükləyib, və ya ən azından, onun baş tutmasını bilərəkdən əngəlləməyib. Əsasən Azərbaycanın sorosçu qrupcuqları bu versiyanı belə əsaslandırırlar ki, bununla iqtidar sabiq millət vəkili Gülər Əhmədova ilə bağlı qalmaqaldan fikir yayındırır, ya da Qərbə “biz olmasaq, hakimiyyət onlara qismət olacaq!” xəbərdarlığını verirdi.
İnanılası versiya deyil. Əvvəla, iqtidar Qərbə ünvanlanmış “mesajını” KİV vasitəsilə daha yaxşı işıqlandırılması üçün şərait yaradardı; YAP-ın qərargahında sorosçu qruplarla birgə bəyanat imzalanması mərasimində olduğu kimi...
İkincisi, Gülər Əhmədova ilə bağlı hadisələrin analoqu dünyada az qala hər ay baş verir. Digər tərəfdən, videoqalmaqal öz mahiyyətilə iqtidardan çox, sorosçu camiyyəyə və həmin videoyazılarda adları hallanmış, korrupsiyada ittiham edilən Qərb strukturlarına zərbə vurmuşdur. Belə ki, 2005-ci il parlament seçkilərində Elşad Abdullayevin namizədi olduğu dairədən sorosçu qrupların namizədi seçilmişdi. Onda elə alınır ki, ya “mandat maklerliyi” Elşaddan pul qoparmaq üçün fırıldaq idi və seçkilər demokratik keçib, ya da sorosçu namizəd, rüşvətə məhəl qoymayan yuxarıların təyinatı ilə “millət vəkili” təyin olunmuşdu. Necə deyərlər, gerçəyini göydə Allah, yerdə iqtidar və onun təyinatlı sorosçu qrupları bilər.
Üçüncüsü, “islamçı xoxan” kartı müsəlman dövlətlərində əks-effekt verdi. “Ərəb”, daha doğrusu, “sələfi baharı” bunu sübut edir. Uzun illərdən sonra ABŞ və Qərb siyasi çevrələri anladılar ki, dünyəvi ərəb dövlətçiliyi, millətçiliyi onların mənafelərinə təhlükə yaradır və həmin ölkələrdəki müxalif dini qüvvəni öz idarəsinə almaq daha perspektivlidir. Nəticədə, bu gün “Ərəb-sələfi baharı” baş vermiş ölkələrdə hakimiyyətə Qərbin idarəsi altında olan “dini” maskalı marionetlər gətirildi. Beləliklə, Azərbaycanda Qərbi “islamçı xoxanla” qorxutmaq istəyən istənilən siyasətçi odla oynayır; çünki, günün bir günü Qərbin “dərin siyasi çevrələri” Azərbaycana münasibətdə “o olmasın, bu olsun” prinsipi ilə nəinki hakimiyyətin, eləcə də Ana Yasa əsaslarının dəyişdirilməsinə yaşıl işıq yandırarlar.
Millətçi olaraq, bizə görə, bu aksiyanın arxasında çoxhədəfli strategiya yeridən əcnəbi xüsusi xidmətlər dayanıb; istər Rusiya FTX-si, istər ABŞ CİA-sı, istərsə də farsın ETTELAAT-ı olsun. Ona görə də, bir millətçi və vətəndaş kimi yeganə tələbimiz budur - həmin aksiyanın pərdəarxası təşkilatçıları, təxribatçıları müəyyən edilərək hüquqi nəticələr təsbit olunsun!
P.S. Təhsil ocaqlarında hicabın yasağına gəldikdə isə, bu məsələnin aktual olmasını görməzdən gəlmək olmaz. Bu lazımsız problemi dövlət və cəmiyyət üzərindən atmalıdır. Dindar soydaşlarımızın dini əlamətə görə hüquqlarının pozulması göz qarşısındadır. Bizi, millətçi kimi nə Qərbin, nə Rusiyanın, nə də hər hansı ölkənin bu məsələyə münasibəti maraqlandırmır. Ortada öz millətimizdən olan insanların hüquqlarının məhdudlaşdırılması, taleləri məsələsi var. Bu məsələ həll edilməyincə, hüquqları pozulmuş soydaşlarımız bilərəkdən, ya bilməyərəkdən yadelli düşmən qüvvələrin təxribatlarının potensial qurbanları olacaqlar. Oktyabrın 5-dəki “hicab aksiyası” bir daha bunu nümayiş etdirdi.

Pərviz Elay
“Millətçilik” qəzeti
Bu xəbər oxucular tərəfindən 1494 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed