Şrift:
Media orqanı kürd terror təşkilatlarının təxribatı ilə bağlı Urmiya İcra Hakimiyyəti başçısına müraciət edib
20.07.2020 [10:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Əlirza Molla Məhəmmədizadəyə ünvanlanan açıq məktubda “PKK terror təşkilatının ana yuvası olan Qəndildən idarə olunanların Qərbi Azərbaycan əyalətində at oynatdıqlarına” diqqət çəkilib, həmin qrupların məlumatsız gənclərdən istifadə edərək sosial mediada təxribat apardıqları vurğulanıb.





Məktubda həmçinin mühacir kürdlərin Silvana vilayətində yerləşən “Buz Sinə” adını təhrif etmələri qeyd edilərək terror qruplarının əyalətdə təhlükəsizliyi pozmaq məqsədilə sərhədyanı məntəqələrin kimliyini saxtalaşdıraraq qarşıdurma yaratmağa çalışdıqları vurğulanıb.





Qeyd edək ki, kürdlərdən bir qrup iyulun 16-da “Buz Sinə” dağına gedərək orada üzərində kürdcə yazılar olan lövhə quraşdırıblar.

Lövhədə Azərbaycanın turizm məkanlarından olan yerin adı “Boze-Sina” şəklində təhrif edilib.

Vaxtı ilə Qərbi Azərbaycan məntəqəsində bir çox azərbaycanlını öldürən İsmayılağa Simitqonun nəvəsi Arman Simitqo öz İnstagram səhifəsində məlumat yayaraq bu lövhənin onun tərəfindən hazırlandığını bildirib.





“Təəssüf ki, əsrlər boyu müəyyən tarixə və kimliyə sahib olan Buz Sinə bölgəsi PKK-ya bağlı telegram kanallarının çağırışı ilə məlumatsız gənclərin at oynatma məkanına çevrilib, bu isə terror təşkilatlarının illərdən bəri izlədiyi məqsədə yəni etnik ixtilafların dərinləşməsinə xidmət edir,” deyə Durna Nyüs saytının açıq məktubunda bildirilib.





Həmçinin Buz Sinə hadisələrində İcra Hakimiyyətinə bağlı qurumlarda nəzarət boşluğunun mövcud olduğu qeyd edilərək icra başçısının məsələ ilə bağlı şəffaf və açıq mövqe bildirməsinin zəruri olduğu vurğulanıb.

Açıq məktubda eyni zamanda Silvana məntəqəsində baş verən təxribatın bir daha təkrarlanmaması üçün lazımı tədbirlərin görülməsinin vacib olduğu vurğulanıb.





Buz Sinə dağında baş verən təxribatdan sonra güney azərbaycanlılar sosial şəbəkələrdə mühacirlərin məkrli hərəkətinə etirazlarını bildirərək, bu cür təxribatçı addımların təhlükəli nəticələrinin olacağı barədə xəbərdarlıq ediblər.





Qərbi Azərbaycan Əyalətində uzun illərdir ki, kürdləşdirmə prosesi həyata keçirilir. İran rejimi bölgənin demoqrafik tərkibini dəyişdirmək məqsədi ilə müxtəlif yollarla radikal kürdlərə dəstək verir. Bu məsələ hər zaman güney azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb.
Bu xəbər oxucular tərəfindən 333 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed