Şrift:
İranda 3 etirazçıya qarşı çıxarılmış edam hökmünün icrası dayandırılıb
20.07.2020 [14:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumat yayan həmin şəxslərin vəkilləri bildiriblər ki, Əmirhüseyn Muradi, Səid Təmcidi və Məhəmməd Rəcəbi barədə son hökmün verilməsinə qədər Ali Məhkəmənin sədrinin qərarı ilə "cinayət işi"nə yenidən baxılacaq.


Qərara əsasən, "cinayət işi"nə yenidən Ali Məhkəmənin şöbələrindən birində baxılacaq.


Xatırladaq ki, həmin şəxslərə qarşı çıxarılmış edam hökmlərinin təsdiqlənməsi ilə bağlı xəbəri iyulun 14-də İran Məhkəmə Sisteminin sözçüsü yaymışdı.


Qərara etiraz edən müttəhimlərin vəkilləri bildirirlər ki, "cinayət işi"nin araşdırılmasında çoxsaylı qanun pozuntularına yol verilib. Belə ki, vəkillərə ilk gündən hökmün çıxarılmasına qədər "cinayət işi"ni təqib etməyə, öz müvəkkilləri ilə görüşməyə icazə verilməyib. Eləcə də, onlar elan olunmuş ittihamları ağır işgəncələrə məruz qalaraq etiraf ediblər.


Digər tərəfdən, həmin 3 etirazçının edama məhkum edilməsi ilə bağlı yayılan xəbərlər istər İran daxilində, istərsə də xaricdə sərt reaksiyalara səbəb olub. İran vətəndaşlarının "Twitter" sosial şəbəkəsində başlatdıqları kampaniya çərçivəsində 8 milyondan çox insan fars dilində "edam etməyin" həştəqi ilə status paylaşaraq, çıxarılan hökmə öz etirazını bildirib. Ötən günlər ərzində ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu da etiraz marafonuna qoşularaq, İrandan hər üç gəncin edam hökmünü ləğv etməyi tələb ediblər.
Bu xəbər oxucular tərəfindən 445 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed