Şrift:
Rusiya Azərbaycanın yardımını Dərbəndə buraxmadı.
02.11.2012 [11:51] - Xəbərlər, Dərbənd
Azərbaycan prezidentinin göstərişi ilə baş vermiş daşqınlarla bağlı Dağıstanın Dərbənd şəhərinin əhalisi üçün göndərilən humanitar yardım karvanının sərhəddən buraxılmadığı barədə xəbərlər təsdiqlənib. RİA Novosti agentliyinin noyabrın 1-də yaydığı xəbərə görə, yük sərhəddə “razılaşdırma prosedurlarının aparılması zərurəti ilə bağlı” saxlanılıb. Bu barədə Dərbənd şəhər administrasiyası rəhbərinin müavini Alavuddin Mirzəbalayev açıqlama verib.

Xəbər verildiyi kimi, oktyabrın 10-na keçən gecə güclü leysan yağışları nəticəsində Dərbənddə sel suları 320 evin zirzəmisini basıb. Yeddi nəfər həlak olub. Daşqından cəmi 1120 adam ziyan çəkib, onlardan 280-i uşaqdır. Daşqının nəticələri tezliklə aradan qaldırılıb və təbii fəlakətlə bağlı Dərbənddə elan edilmiş fövqəladə vəziyyət rejimi ötən bazar günü götürülüb. Agentliyin xəbərində deyilir ki, şəhərin sosial əhəmiyyətli obyektləri sel sularında ziyan çəkməyib.

Azərbaycan isə oktyabrın 18-də Dərbəndə humanitar yardım göndərib, lakin xəbərə görə, yük hələ də sərhəddə saxlanılır. “Baxmayaraq ki, bu ilin iyul ayının əvvəllərində Kubanda baş vermiş və 34 min adamın ziyan çəkməsinə səbəb olan irimiqyaslı daşqınlarla bağlı Azərbaycanın göndərdiyi humanitar yardım sərhədi ləngimədən keçib və ünvana çatdırılıb” deyə, xəbərdə bildirilir. Dərbənd administrasiyasının rəhbərinin müavini A.Mirzəbalayev məsələ ilə bağlı agentliyə bunları deyib: “Orada 120 ton humanitar yardım var, yük əsasən ün, düyü, bitki yağı, çay, makarondan ibarətdir. Soyuducular, qaz plitələri və dərmanla yüklənmiş bir maşın dərmanların soyuducuda saxlanılmalı olması səbəbindən yüklə birlikdə Azərbaycana, anbara geri qayıdıb”. Mirzəbalayevin sözlərinə görə, yaxın vaxtlarda məsələ ilə bağlı komissiya təşkil olunacaq və o yükün həqiqətən humanitar xarakter daşıyıb-daşımadığını öz iclasında araşdıracaq. İclasın noyabrın 6-da olacağı gözlənilir. “Ümumiyyətlə belə proseslər uzun çəkir, bir-iki ay keçəcək və əhali deyəcək ki, sizin göndərdiyiniz un və qənd nəyimizə lazımdır?” deyə, A.Mirzəbalayev bildirib.

Göründüyü kimi, faktiki olaraq yükün, ümumiyyətlə, buraxılmayacağından söhbət gedir, üstəlik, ərzaqla dolu maşınlar gömrük zonasında artıq iki həftədir saxlanıldığı üçün bəzi malların xarab olması qaçılmazdır. Dövlətlərarası münasibətlərdə, üstəlik də bir-birilərini tərəfdaş, hətta vaxtilə strateji tərəfdaş elan edən ölkələr arasında bu cür jest misli görünməmiş hesab olunur. Söhbət ondan gedir ki, Rusiya Azərbaycan prezidentinin göstərişi ilə Dərbənd əhalisinə göndərilən humanitar yardımı kobud jestlə ölkəyə buraxmır və sərhəddə çürüdür. Üstəlik, elan edilir ki, həmin yükün, ümumiyyətlə, hansı məqsədlə göndərildiyi, humanitar yardım xarakteri daşıyıb-daşımadığı araşdırılacaq. Eyni zamanda Dərbənd rəsmisi Azərbaycana xitabən “Sizin göndərdiyiniz un və qənd nəyimizə lazımdır?” mesajı verməkdən çəkinməyib. Bir qayda olaraq bir ölkənin təbii fəlakətdən, əhalinin kütləvi ziyan çəkməsi ilə müşayiət olunan digər hadisələrdən sonra digərinə göndərdiyi humanitar yardımın, (xüsusən də söhbət qonşu ölkələrdən gedirsə) sərhəddən buraxmaması ancaq onların arasında düşmənçilik münasibətlərinin mövcud olduğu bir vaxtda baş verə bilərdi.

Doğrudur, Rusiya hakimiyyəti Dərbənddəki daşqınlarla bağlı xarici humanitar yardım üçün müraciət etməyib, bu daşqının miqyası kiçik olub və lokal xarakter daşıyıb. Lakin Azərbaycan Rusiya ilə qonşuluq və tərəfdaşlıq münasibətləri baxımından Dərbənd əhalisinə yardım göndərməyə qərar verib. Nəzərə almaq lazımdır ki, Dərbənd əhalisinin əksəriyyəti etnik azərbaycanlılardır. Rusiya hökuməti Dərbənd daşqınları ilə bağlı xarici humanitar yardım üçün müraciət etməsə də, bu, Azərbaycanın göndərdiyi yardımın kobud formada geri çevrilməsinə əsas verə bilməzdi. Xüsusən də o baxımdan ki, bu ilin yayında Kubanda baş vermiş daşqınlarda da Rusiya hökuməti xarici humanitar yardım üçün müraciət etməyib, ancaq Azərbaycan da daxil olmaqla, bir neçə ölkə bu bölgəyə yardım göndərib.

Rusiyadan Bakıya edilən bu kobud, hətta qonşuluq münasibətləri baxımından təhqiramiz jest Moskvanın Azərbaycana təzyiqlərinin artdığı, münasibətlərdə soyuqluq yarandığı bir vaxtda baş verir. Hətta iş humanitar yardımın qapıdan geri qaytarılması jestinə qədər irəli gedib.

M.MEHDİ
Bu xəbər oxucular tərəfindən 1813 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed