Şrift:
Musavi: "Fransanın qara qutulardakı məlumatları mediada dərc etdirməyə haqqı yoxdur"
27.07.2020 [13:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu sözləri bu gün keçirdiyi mətbuat konfransı zamanı deyən İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi bildirib ki, Fransada oxuma prosesinə lazım olan texnologiyalar mövcud olduğundan, qara qutular bu ölkəyə göndərilib.


Onun sözlərinə görə, məlumatların oxunması prosesi müəyyən prinsiplər əsasında həyata keçirilir və rəsmi Tehran bu səbəbdən Parisin əldə edilmiş məlumatları "qeyri-rəsmi formada" və ya Qərb mediasında dərc etdirəcəyini düşünmür.


Musavi qeyd edib ki, Fransa məlumatları İran da daxil olmaqla, əlaqəli ölkələrə verməklə bağlı öhdəlik götürüb.


Sözçü ölkəsinin hansı səbəbdən qara qutulardakı məlumatların mediada işıqlandırılmasından narahat olmasının detallarını açıqlamayıb.


Çıxışı zamanı Məhəmməd Cavad Zərifin Rusiyaya səfərinə də toxunan Musavi qeyd edib ki, XİN rəhbəri burada öz rusiyalı həmkarı ilə görüşüb, eləcə də səfərdən qayıtdıqdan sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon vasitəsilə danışıb.


Onun sözlərinə görə, danışıqlar zamanı İrana qarşı silah embarqosunun uzadılması, Rusiya ilə 20 illik müqavilənin davam etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə yanaşı, Həsən Ruhaninin mesajı da Putinə çatdırılıb.


Cənubi Koreya ilə neft pullarının qaytarılmasından da danışan sözçü bildirib ki, ölkəsi rəsmi Seulun ABŞ sanksiyalarına əhəmiyyət vermədən həmin vəsaitləri ödəməsini gözləyir.



Abbas Musavi sonda ABŞ qırıcısının Suriya səmasında İranın sərnişin təyyarəsinə müşahidə məqsədilə yanaşmasına da kəskin reaksiya verərək, bu addıma lazım olan vaxtda cavab verəcəklərini iddia edib.
Bu xəbər oxucular tərəfindən 379 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed